“Şimal axını-2” əngəlləndi, Azərbaycan qazı Avropanın “burnunun ucuna” çatdı

439

Son dövrlərdə ABŞ-Avropa-Rusiya üçbucağında təbii qazla bağlı ziddiyyətlərin daha kəskin hala gəlməsi aydın müşahidə olunur. ABŞ və bəzi Avropa ölkələri əvvəlki qaydada Rusiyanın daha böyük həcmdə təbii qazı Avropaya ötürməsinə qarşı çıxır. Kreml isə bir sıra Avropa ölkələri ilə sövdələşməyə gedərək tamam əks mövqedən çıxış edir. Bu durumda ekspertlər hesab edir ki, Rusiya qazı ilə bağlı Qərbdə ziddiyyətlər hələ müəyyən müddət davam edəcək. Məhz bu fonda yenə Qərbdə Azərbaycan qazına marağın getdikcə artması müşahidə olunur. Çünki Azərbaycan qazının Avropaya çatdırılması istiqamətində işlər nəzərdə tutulduğu qaydada gedir və yaxın tezlikdə bir sıra Avropa dövlətləri ölkəmizdən qaz idxalına start verəcək.

Burada onu da xatırladaq ki,  “Cənub Qaz Dəhlizi”nin əsas seqmenti olan TANAP boru kəməri iyulun 1-dən etibarən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. Dəhlizin son seqmenti olan TAP boru kəməri layihəsi də tamamlandıqdan sonra Azərbaycanın “Şahdəniz-2” layihəsi çərçivəsində çıxarılan təbii qaz TANAP və TAP kəmərləri vasitəsilə Avropaya nəql ediləcək, ölkəmizin gəlirlərini artıraraq Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcək. Artıq TAP üzrə bazar sınaqlarına da  başlanıb. Məqsəd sonrakı mərhələdə TAP-ın genişləndirilməsi imkanlarını araşdırmaqdır. TAP-ın icraçı direktoru Luka Sşieppati bu xüsusda deyib: “TAP 2020-ci ildən etibarən ilkin olaraq ildə təxminən 10 milyard kubmetr təbii qazı nəql etməyi planlaşdırır və Avropaya yeni bir qaz mənbəyi gətirir. Buna baxmayaraq, TAP öz ötürücülük gücünü ildə 20 milyard kubmetrə çatdırmaq imkanına malikdir. Hazırda layihə üzrə işlərin 88 faizdən çoxunun icra olunduğunu nəzərə alaraq, boru kəmərinin Avropaya qaz nəqli üçün gələcək tələbata uyğun olaraq genişləndirilməsini təmin etmək niyyətindəyik. Bu, əlavə qaz ehtiyatlarının Avropa bazarına çatdırılması üçün böyük fürsətdir”. TAP Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. Avropada aparıcı media portallarından olan “bne Intellinews” bununla bağlı yazır ki, Qərbdə Azərbaycan qazına marağın sürətlə artması təbii haldır: “TANAP və TAP Rusiya qazına yeni alternativ yaradır. O, qaz nəqlini şaxələndirməyə və enerji təhlükəsizliyini artırmağa çalışan Avropaya Azərbaycan qazını Türkiyə ərazisi ilə çatdırmağa hazırdır. TANAP-ın Yunanıstan sərhədinə uzanan ikinci mərhələsi iyulun 1-dən etibarən fəaliyyətə başlayıb. Gələn il Türkiyə-Yunanıstan sərhədində TANAP TAP-la birləşdikdən sonra Azərbaycanın “Şahdəniz” yatağından Avropa bazarlarına qaz nəql ediləcək. Xəzər regionunun müstəqil postsovet ölkələrindən Avropaya qaz çatdırmaq fikri 1990-cı illərin əvvəllərində öz əksini tapıb və boru kəmərlərinin tamamlanması “Cənub Qaz Dəhlizi”ni gerçəkləşdirəcək. TANAP-ın tikinti layihəsi zamanı xərclərin qənaət edilməsi də diqqət cəlb edir: bir çox böyük infrastruktur layihələrində xərclərin əksəriyyətindən fərqli olaraq, təxmin edilən 11,7 milyard dollarlıq xərclər daha sonra 7 milyard dollara endirilib. Azərbaycan dünya səviyyəsində nümayiş etdirdi ki, həm ölkə daxilində, həm də xaricdə kompleks transmilli layihələri yüksək effektivliklə yerinə yetirmək qabiliyyətindədir. TANAP-ın həyata keçirilməsi zamanı SOCAR və onun tərəfdaşları təxminən 5 milyard dollar qənaət edib, layihənin ümumi dəyərini 40 faiz azaldıblar.

 “Cənub Qaz Dəhlizi”nin əsas məqsədi Avropanın Rusiyadan qaz idxalına olan asılılığını azaltmaqdır, buna görə də, qitənin bir hissəsi Moskvanın “enerji diplomatiyasına” qarşı həssas olacaq. Bu, 2000-ci illərin ortalarında “qaz müharibələri” ilə daha da aktuallaşıb, çünki “Qazprom” tez-tez, əsasən Ukraynanı cəzalandırmaq üçün kranları bağlayıb. Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsi ilə Rusiya və Ukrayna arasındakı qarşıdurma güclənib, bu olay Qərbin sanksiyalarına səbəb olub.

Belə vəziyyətdə, TAP başa çatdıqdan sonra, gələn ildən Azərbaycan Avropaya qaz ixrac etməyə başlayacaq. Bu qaz BP-nin başçılıq etdiyi beynəlxalq konsorsium tərəfindən hazırlanmış nəhəng “Şahdəniz” yatağının ikinci fazasından nəql olunacaq. “Stratfor“ analitiki Yevgeni Çausovski qeyd edir: “TANAP-ın başa çatdırılması cari ildə qazın daşınması üçün əhəmiyyətli bir komponent kimi çıxış edir və Rusiyadan yan keçməklə, Azərbaycandan Türkiyə vasitəsilə Avropaya nəqlini nəzərdə tutur“. 

Bununla yanaşı, Rusiya öz boru kəməri infrastrukturunu Avropaya uzadır. Qitə hələ də Rusiyanın qazından çox asılıdır. “Şimal axını-2” və “Türk axını” kimi yeni boru kəmərləri Rusiyanın Ukraynadan yan keçməklə Avropa bazarlarına çıxışını təmin edəcək. “Qazprom” bu müddətdə, yerinə yetiriləcəyi dəqiqləşdirilməli olsa da, Ukrayna ilə qaz tranziti müqaviləsinin başa çatmasına, 2020-ci ilədək Baltik dənizi vasitəsilə Almaniyaya uzanacaq “Şimal axını-2” boru kəmərini tamamlamağa tələsir. 2019-cu ilin may ayından etibarən “Qazprom” əvvəlcədən nəzərdə tutulmuş 9,5 milyard avro dəyərində maliyyələşdirmənin 6 milyard avroluq hissəsini təmin edib və tikinti üçün, Danimarka istisna olmaqla, bütün icazələrin alındığını bildirib. Amma Avropada Azərbaycana diqqət daha çoxdur.

Xüsusən də “Cənub Qaz Dəhlizi”nin açılması Azərbaycana, əlbəttə, fayda verəcək. Bu, ölkənin gəlirinə və Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək. Qaz ixracını artırma qabiliyyəti Azərbaycan iqtisadiyyatını gücləndirəcək. Rəsmi Bakı iqtisadiyyatını karbohidrogenlərdən asılı olaraq şaxələndirməyə, eləcə də yeni ixrac infrastrukturunun qurulmasına yönəldib. Avropanın ən kiçik iqtisadiyyatlarından biri olan Albaniya üçün də layihənin yeni imkanlar yaradacağı gözlənir. “Deloitte Albania”-nın baş meneceri Kseni Kakariqi bildirib ki, TAP “Albaniyanın enerji bazarını inkişaf etdirməkdə və ölkənin Qərbi Balkanlarda qaz qovşağı olmasında böyük rol oynayacaq. Qaza Cənub-Şərqi Avropanın çox hissəsində kömürə alternativ kimi baxılır”.

Tahir TAĞIYEV