Avropa bazarlarını təmin etməkdə Azərbaycanın daha bir tranzit mövqeyi tam reallaşma ərəfəsində…

410

Qeyri-neft məhsullarının ixrac həcmini sürətlə artıran Azərbaycan üçün bu gün ən vacib məqamlardan biri də yeni bazarların tapılmasıdır. Bu istiqamətdə hazırda ölkəmizin diqqətini daha çox Avropa, xüsusən də Mərkəzi Avropa bazarları cəlb edir. Belə görünür ki, yaxın tezlikdə Azərbaycan Avropa bazarlarına təkcə enerji yox, həm də qeyri-neft məhsulları ixrac edəcək. Xüsusən də başa çatmaq üzrə olan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi bu istiqamətdə ölkəmizə əlavə imkanlar yaradır.

Xatırladaq ki, artıq Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu xəttinin çəkilişi nəticəsində Rusiya ilə İran arasında ölkəmiz üzərindən dəmir yolu vasitəsilə nəqliyyat əlaqəsi yaranıb. Bu yol Qəzvin-Rəşt-Astara dəmir yolunun davamıdır. Hələlik Astara (Azərbaycan) – Astara(İran) dəmir yolu xəti ilə Rusiya yalnız İranla idxal-ixrac əməliyyatlarını həyata keçirə bilir. Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) yolu tam hazır olduqdan sonra isə Azərbaycanın, eləcə də Rusiyanın Hindistan və Fars körfəzi ölkələri ilə də əlaqələri yaranacaq. Qeyd edək ki, dəmir yolu “Şimal-Cənub” dəhlizinin yalnız bir seqmentidir. Bu marşrut ona görə dəhliz adlanır ki, bura dəmir yolları ilə yanaşı avtomobil və dəniz yolları da daxildir. Hər üç seqmentin işə düşməsi Azərbaycan üçün faydalıdır, çünki ölkəmiz bu yolların üzərindədir. Yəni dəhlizə daxil olan avtomobil, dəniz və dəmir yolları Azərbaycandan keçir. Bakı Beynəlxalq Ticarət Limanının tikilib istifadəyə verilməsi, Ələt-Astara avtomobil yolunun salınması və Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu xəttinin inşasına nail olması isə ölkəmizə əlavə üstünlüklər qazandırır. Bunun nəticəsidir ki, Azərbaycan yalnız dəmir yolu vasitəsilə daşınan tranzitdən deyil, həmçinin avtomobil və dəniz yolları ilə daşınan yüklərdən də tranzit gəlirlər əldə edir.

Dəhlizin yükaşırma qabiliyyətinə və həcminə gəldikdə, xatırladaq ki, marşrut üzrə ildə 10 milyon ton yük daşına bilər. Ekspertlər bildirir ki, yüklərin Azərbaycan ərazisindən tranzit daşınmasına qlobal xarakter daşıyan strateji məsələ kimi baxmaq lazımdır. Belə ki, tranzit ölkəyə çevrilmək ölkənin geosiyasi əhəmiyyəti ilə yanaşı, dünya iqtisadiyyatındakı rolunu da artırır.

Lakin Azərbaycan üçün “Şimal-Cənub” dəhlizinin tam formalaşması digər səbəblərə görə olduqca əhəmiyyətlidir. Birincisi, dəhliz tam işə düşdükdən sonra Azərbaycan Fars Körfəzi ölkələri ilə yanaşı, Hind okeanı hövzəsindəki dövlətlərlə də iqtisadi və ticarət əlaqələrinə malik olacaq. Yuxarıda qeyd olunduğu kimi, Avropa bazarları da “Şimal-Cənub” vasitəsilə Azərbaycanın üzünə açılacaq. Məsələn, Polşa rəhbərliyi bu dəhlizə qoşulmaqda maraqlı olduqlarını bildirir. Rumıniya da bu istiqamətdə fəal addım atır. Real vəziyyətin təhlili göstərir ki, hazırda Rumıniya özünün Konstansa limanının Xəzər və Qara dənizi birləşdirəcək nəqliyyat-tranzit dəhlizinin əsas və aparıcı halqalarından birinə çevrilməsi üçün bütün imkanlarını işə salıb. Konstansa limanı Türkmənistanın Türkmənbaşı limanından, eləcə də Qazaxıstan və Özbəkistandan, digər Mərkəzi Asiya ölkələrindən Avropa bazarına göndəriləcək yüklərin əsas məntəqəsinə çevrilə bilər. Daşınma marşrutu xüsusi konteynerlərlə yüklərin Xəzər dənizi vasitəsilə Bakıya, oradan dəmir yolu vasitəsilə Batumi və yaxud Potiyə, buradan isə dənizlə Rumıniyaya göndərilməsini nəzərdə tutur. Digər Avropa ölkələri də “Şimal-Cənub”a eyni marağı ifadə edir. Asiyada da dəhlizə maraq artır. Burada layihədə əsas iştirakçılardan birinə çevrilməkdə olan Hindistanla yanaşı, Sinqapur və Malayziya da “Şimal-Cənub” dəhlizinə maraq göstərir. Bu ölkələrin böyüyən iqtisadiyyatı və Avropa dövlətləri ilə ticarət əlaqələrinin genişlənməsi nəqliyyat probleminin həllini tələb edir. “Şimal-Cənub” dəhlizi bu xüsusda həmin ölkələrə böyük imkanlar vəd edir.

“Şimal-Cənub”, ümuimiyətlə, Azərbaycan, İran və Rusiya vasitəsilə Şimali Avropa ilə Cənubi Asiyanı birləşdirəcək. Yəni İrandan Rusiya və Baltik limanllarına uzanan bu nəqliyyat dəhlizi ümumilikdə Fars körfəzi ilə Hindistanı birləşdirəcək. Rusiya iqtisadiyyatçısı Aleksandr Karavayev vurğulayır ki, Bakı, Tehran və Moskva arasında “Şimal-Cənub”la bağlı əməkdaşlığın inkişafı ciddi sənaye potensialı olan bu layihənin əsas elementidir. Onun sözlərinə görə, bu istiqamətdə işlərin gedişi hər üç ölkəyə tranzitdən böyük gəlir əldə etmək, eyni zamanda öz məhsullarını asanlıqla yeni bazarlara çıxarmaq imkanı verir. Qeyd edək ki, “Şimal-Cənub” layihəsi Rusiya, İran və Hindistan arasında 2000-ci il sentyabrın 12-də imzalanmış hökumətlərarası saziş əsasında həyata keçirilir. Azərbaycan sazişə 2005-ci ildə qoşulub. Saziş, ümumilikdə 12 ölkə – Azərbaycan, Belarus, Bolqarıstan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman, Rusiya, Tacikistan, Türkiyə, Ukrayna tərəfindən ratifikasiya edilib. Nəqliyyat dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirmək üçün nəzərdə tutulub.

Tahir TAĞIYEV