Almaniyadan sonra İspaniya da ABŞ-ın Hörmüz boğazında birgə missiya təklifini geri çevirdi

393

ABŞ-ın İran üzərində maksimum təzyiq yaratmaq üçün Hörmüz boğazına göndərmək istədiyi ortaq hərbi dəniz qüvvəsi missiyasına İspaniyanın daxil olmayacağı iddia edilir.

Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, İspaniya qəzeti “El Confidencial” diplomatik mənbələrə əsaslandırdığı xəbərdə İspaniyanın Hörmüz boğazında birgə missiyaya qoşulmaq üçün ABŞ-ın rəsmi təklifini rədd etdiyini yazıb.

Hörmüz boğazında birgə missiya üçün ABŞ-dan rəsmi təklif aldıqlarını təsdiqləyən İspaniya diplomatik mənbələri “Hələlik ABŞ-ın liderlik etdiyi bir missiyada iştirak etmək kimi bir niyyətimiz yoxdur” deyə bildiriblər.

Xəbərdə Almaniya kimi İspaniyanın da ABŞ-ın Hörmüz boğazındakı birgə missiya təklifini rədd etdiyi, Fransanın isə hələ də bu təklifi dəyərləndirdiyi irəli sürülür. Almaniya xarici işlər naziri Heiko Maas Polşanın paytaxtı Varşavada verdiyi açıqlamada, ABŞ tərəfindən təqdim olunan və planlaşdırılan missiyada Almaniya hökumətinin iştirak etməyəcəyini deyib.

İspaniya ABŞ-ın İrana təzyiq etmək üçün “USS Abraham Lincoln” təyyarə gəmisinin liderliyində Orta Şərqə göndərilən Döyüş Qrupundakı freqatı – “Mendez Nunez”i 14 may tarixində Hörmüz boğazına doğru hərəkət edən zaman geri çəkmişdi. Müdafiə naziri  Marqarita Robles bununla bağlı qərarın “siyasi deyil, texniki bir qərar” olduğunu deyib.