Gürcüstanda yük və sərnişin daşımaları artıb

327

Bu ilin yanvar-iyun aylarında Gürcüstan vasitəsi ilə daşınan yüklərin həcmi 18,2 mln. ton təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin statistik məlumatında bildirilib.

İllik müqayisədə yük daşımalarının həcmi 0,2 mln. ton artıb.

İlk yarım ildə qonşu ölkənin ərazisi ilə daşınan yüklərin böyük həcmi – 13,1 mln. tonu avtomobil yollarının payına düşüb. Bu göstərici illik müqayisədə 0,1 mln. ton çoxdur.

Qonşu ölkənin dəmir yolları vasitəsilə yük daşımalarının həcmi isə illik müqayisədə 0,1 mln. ton artaraq 5,1 mln. tona bərabər olub. Hava nəqliyyatı ilə daşınan yüklərin həcmi isə ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 mln. ton artaraq 11,15 mln. tona bərabər olub.

Gürcüstanın dəniz liman və terminalları vasitəsilə isə, ümumilikdə, 8,1 mln. ton yük daşınıb. Batumi və Poti limanlarından emal olunan TEU konteynerlərin sayı 284 147 ədəd təşkil edib ki, bu da illik müqayisədə 69 090ədəd çoxdur.

Hesabat dövründə qonşu ölkədə daşınan sərnişinlərin ümumi sayı illik müqayisədə 4,8 mln. nəfər artaraq 172 mln. nəfər təşkil edib. Sərnişinlərin 168,2 mln. nəfəri avtomobil yolları, 1,3 mln. nəfəri dəmir yolu, 2,5 mln. nəfəri isə hava nəqliyyatı vasitəsilə daşınıb.