BP Şəfəq-Asiman üzrə Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədini təqdim edir

468

BP şirkəti Şəfəq-Asiman üzrə hasilatın pay bölgüsü haqqında sazişin operatoru kimi elan edir ki, podratçı tərəflərin adından Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədini hazırlayıb və dərc edib.

“Qafqazinfo” xəbər verir ki, sənəddə Şəfəq-Asiman dəniz blokunda kəşfiyyat quyusunun qazılması işlərinin ətraf mühitə və sosial-iqtisadi sahəyə potensial təsirləri nəzərdən keçirilir və təsirin azaldılması üçün görülməli tədbirlər tövsiyə edilir. ƏMSSTQ prosesinin məqsədi nəzərdə tutulan işlərdən yarana biləcək hər hansı mənfi ekoloji və sosial-iqtisadi təsirləri müəyyənləşdirmək, minimuma endirmək və mümkün olduqda aradan qaldırmaqdır.

Hazırda Şəfəq-Asiman Kontrakt sahəsində suyun təxminən 624 metr dərinliyində bir kəşfiyyat quyusunun qazılması planlaşdırılır. Qazma işlərinin 2019-cu ilin dördüncü rübündə başlayacağı gözlənilir.

Şəfəq-Asiman Kontrakt sahəsi Xəzər dənizinin Azərbaycan sektorunda Bakıdan cənub-şərq istiqamətində təxminən 125 km məsafədə suyun dərinliyi təxminən 600-800 metr olan ərazidə yerləşir. Məhsuldar layın dərinliyi təxminən 7000 metr təşkil edir.

Maraqlı tərəflərlə məsləhətləşmə ƏMSSTQ prosesinin mühüm elementidir. Maraqlı tərəflərin rəylərinin toplanması və sənədləşdirilməsi prosesi layihənin planlaşdırılmasında və ƏMSSTQ-də əsas maraqlı tərəflərin ümumi rəylərinin nəzərə alınmasını təmin edir.

ƏMSSTQ sənədinin tam layihə variantı və qısa xülasəsi Azərbaycan və ingilis dillərində hazırlanıb və BP-nin vebsaytında yerləşdirilib:

https://www.bp.com/en_az/caspian/sustainability/environment/env-and-social-documentation.html

5 avqust 2019-cu il tarixindən etibarən bu sənədlərin nüsxələri ictimaiyyətin tanış olması üçün aşağıdakı ünvanlarda da yerləşdirilib:

• BP-nin Xəzər Mərkəzi ofisinin qəbul şöbəsi: Neftçilər prospekti 153

• M.F. Axundov adına Milli Kitabxana: Xaqani küçəsi 29

• Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanası: Hüseyn Cavid küçəsi 31

• Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kitabxanası: Azadlıq prospekti 20

• Orxus İctimai Ekoloji İnformasiya Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi: Bəhram Ağayev küçəsi 100a

• Bakı Kitab Mərkəzi: Üzeyir Hacıbəyli küçəsi 5, Qoqol küçəsi 2

• Libraff kitab mağazası: Hüseyn Cavid küçəsi 186 (Mirvari Park kompleksi, Blok D)

• Bakı Ali Neft Məktəbinin kitabxanası: Yeni Salyan şosesinin 3-cü km (Bakı Ali Neft Məktəbinin kampusu)