“Transxəzər” qaz kəməri iki kəskin əks qərarın arasında – Rusiya və İran birləşdi, Avropa maliyyələşməni bərpa etdi…

762

Uzun illərdir xüsusi müzakirə mövzusuna çevrilən “Transxəzər” qaz kəməri ilə bağlı yenidən maraqlı bir vəziyyət yaranmaqdadır. Belə görünür ki, “Transxəzər” məsələsi yaxın tezlikdə Qərblə Rusiya, eləcə də İran arasında daha ciddi geosiyasi çəkişmə predmetinə çevriləcək. Hər halda, Türkmənistanın Xəzər sahilindəki Avaza şəhərində işini yekunlaşdıran beynəlxalq iqtisadi forumun nəticələri də məhz bu qənaətə gəlməyə əsas verir.

Qeyd edək ki, forum  zamanı “Transxəzər” kəməri ideyası da gündəmə gəlib. Amma İranın “National Gas Company” şirkətinin nümayəndəsi Bəhruz Namdari ölkəsinin buna qarşı olduğunu bildirib: “İran Xəzər dənizində Şərqdən Qərbə qaz kəmərlərinin tikintisinə qarşı çıxır, çünki bu, regionun ekologiyasına ciddi zərər vura bilər”. Rusiyanın baş naziri Dmitri Medvedyev də Xəzər forumunda çıxışı zamanı Xəzərdə neft-qaz kəmərlərinin çəkilməsinə dair layihələrin əvvəlcə bütün sahilyanı ölkələr tərəfindən ekoloji ekspertizadan keçirilməli olduğunu deyib. Belə müddəa Xəzərin statusuna dair konvensiyada da əksini tapır. Amma konvensiyanın digər müddəasına görə, Xəzərdə neft-qaz kəmərlərinin çəkilməsi, həmin kəmərlər hansı ölkənin milli sektorlarından keçirsə, onların öz aralarında razılaşdırılmalıdır. Tahran və Moskvanın bu mövqeyinə rəğmən, “Transxəzər” kəməri ideyasını Qərb fəal müdafiə edir və dəfələrlə bu layihə Türkmənistanla danışıqlarda müzakirə olunub. Məsələn, elə Xəzər forumu zamanı Rusiya və İranın məlum mövqeyi fonunda Avropa İttifaqı (Aİ) Türkmənistanla bu ölkəni Azərbaycanla birləşdirəcək “Transxəzər” kəmərinin tikintisinin maliyyələşdirilməsinə dair danışıqları bərpa edib. Qurumun Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Peter Burian bildirib ki, təmsil etdiyi beynəlxalq maliyyə qurumu Türkmənistana məxsus təbii qazın Avropa ölkələrinə nəql edilməsini nəzərdən keçirir.

Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp da ümid etdiyini bildirib ki, Türkmənistan Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsindən sonra Qərbə qaz ixracının imkanlarından istifadə etməyə başlayacaq. ABŞ prezidentinin türkmənistanlı həmkarı Qurbanqulı Berdiməhəmmədova ünvanladığı teleqramda deyilirdi ki, Türkmənistan Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Qərbə yeni qaz ixrac imkanlarından istifadə edə biləcəyinə ümid edir.  Baş verənlər fonunda  ABŞ-ın “Washington Post” qəzeti yazır ki, hələ keçən il Rusiya, İran, Azərbaycan, Türkmənistan və Qazaxıstan liderləri öz qaynaqlarının istismarı ilə bağlı on illərlə davam edən qeyri-müəyyənliyə son qoymağa yönəlmiş bir konvensiya imzalayıb: “Saziş hər bir ölkənin ərazi sularının və balıqçılıq zonalarının təyin edilməsi qaydalarını müəyyən edir, lakin zəngin neft və qaz yataqları olan dəniz dibinin bölünməsi məsələsi sonrakı danışıqlara qalır. Rusiya və İran hələ də keçənilki müqaviləni təsdiqləməyib. Türkmənistanda keçirilən forumda iştirak edən Rusiyanın baş naziri Dmitri Medvedyev təsdiqlənmənin “yaxın gələcəkdə” gözlənildiyini deyib.

İran vitse-prezidenti İshaq Cahangiri forumdakı çıxışında heç bir öhdəlik götürməyib. Cahangiri bildirib ki, qeyri-Xəzəryanı dövlətlər bölgə işlərinə qarışmamalıdır. O, birtərəfli siyasəti və sanksiyaları ilə ABŞ-ın bölgədə sabitliyi təhdid etdiyini bildirib. 2006-cı ildə vəzifəsinin icrasına başlayandan bəri vahid iqtidara sahib olan, özünü keçmiş sovet respublikasının Arkadağı (Qoruyucusu) kimi təqdim edən Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov forumda bildirib ki, Xəzərin enerji zənginliyi bölgənin inkişafına güclü təkan verməlidir. Türkmənistan və Azərbaycan hələ də dənizin dibindəki ehtiyatları necə bölüşmək barədə razılığa gəlməyib. Bu, Türkmənistan qazını dəniz üzərindən Azərbaycana və daha sonra Qərb bazarlarına aparacaq “Transxəzər” təbii qaz boru kəmərinin irəliləyişinə mane olub. Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Bəhram Hüseynov bildirib: “Bu çox həssas məsələdir. Hələ konkret addımlar atılmayıb və müəyyən məsələləri müzakirə etmək tezdir”. Hüseynov əlavə edib ki, Azərbaycanla Türkmənistan arasındakı dəniz sərhədinin delimitasiyası enerji sərvətlərinin bölüşdürülməsi ilə bağlı danışıqları asanlaşdıra bilər.

Qərb enerji mənbələrini diversifikasiya etmək səyləri çərçivəsində perspektivli “Transxəzər” boru kəmərlərini uzun müddət təşviq edib, Rusiya və İran isə bu planları həyəcanla izləyir. Xəzərdən daha çox enerji ixracı öz neft və qazının Avropa bazarlarına satışını genişləndirməyə çalışan Rusiyadan gələn enerji tədarükləri ilə rəqabət aparacaq. İran Xəzərdən enerji tədarükünün öz ərazisini keçməsinə çalışır, “Transxəzər” marşrutlarının çox bahalı və təhlükəli olduğunu iddia edir”. Qeyd edilənlərlə yanaşı, qəzet yazır ki, Qərbin ciddi dəstəyi sayəsində “Transxəzər” reallaşa bilər. Amma bu zaman Rusiya və İran ona maksimal dərəcədə maneə yaratmağa çalışacaq. Azərbaycanın isə layihə ilə bağlı mövqeyi belədir ki, “Transxəzər” barədə qərarı kəmərin başlanğıcını götürdüyü ölkə qəbul etməlidir. Azərbaycan isə ancaq bundan sonra tranzit ölkə kimi öz mövqeyini ortaya qoyacaq. Bakı onu da bəyan edir ki, əlavə həcmləri qəbul etmək üçün kifayət qədər böyük infrastrukturu var. Qeyd olunur ki, alıcının və satıcının kimliyindən asılı olmayaraq, Azərbaycan hər zaman qonşu dövlətlərin hamısının bu məsələ içində maraqlarının təmin olunmasına diqqət edir. İndilikdə isə Türkmənistan nefti, kondensatı Azərbaycan üzərindən dünya bazarlarına çıxmaqdadır. “Transxəzər” çəkiləcəyi təqdirdə isə türkmən qazı da yenə Azərbaycan üzərindən dünya bazarına çıxmaq imkanı qazanacaq.