“20 ildir dəhliz ölü vəziyyətində idi, tam fəaliyyət göstərdikdən sonra 20 dövlət bundan faydalanacaq”

435

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi nəinki Azərbaycan, həmçinin region üçün böyük əhəmiyyətə malik olan bir dəhlizdir. Hindistanı Orta Şərq, Qafqaz, Mərkəzi Asiya, Rusiya və Avropa ölkələri ilə birləşdirən bir layihədir. Gəmi, avtomobil və dəmir yolları Hindistanın Mumbay limanı ilə İranın Bəndər- Abbas limanını, həmçinin Bakı, Moskva, Sankt Peterburq yollarını birləşdirərək Avropa və Skandinaviya ölkələrinə qədər uzanır. Şimal-Cənub dəhlizi bir neçə (Xərərin Şərq sahili ilə keçən marşrut, Xəzər dənizindən keçən marşrut və Xəzər dənizinin Qərb sahili boyunca uzanan marşrut) marşrutdan ibarətdir. Hazırda yükdaşımalar əsasən bu dəhlizin Xəzərin Qərb sahilindən keçən marşrut vasitəsilə Rusiya, Azərbaycan və İran ərazisi üzərindən keçən hissəsində həyata keçirilir.
Moderator.az “Finans.az”-a istinadən xəbər verir ki, bu layihənin əsası 2000-ci ildə Sankt-Peterburq şəhərində Rusiya, İran və Hindistan tərəfindən qoyulub. Sonralar layihəyə Qazaxıstan, Türkmənistan, Tacikistan, Belarus, Ukrayna, İordaniya, Bolqarıstan da qatıldılar. Azərbaycan 2005-ci ildə bu layihəyə qoşuldu və çox keçmədən aparıcı iştirakçıya çevrildi. Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır. Hazırkı marşrut (Suveyş kanalı) üzrə çatdırılma vaxtı 45-60 gündür, Şimal-Cənub vasitəsilə 14-20 gün olması gözlənilir.
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Qərb marşrutunun işə salınmasının aktullaşması Azərbaycanın Astara (İran) -Sankt Peterburq marşrutunun gerçəkləşməsi ideyasından başladı. «Azərbaycan Dəmir Yolları» QSC-nin bu istiqamətdə təşəbbüsləri mövcud imkanlardan və potensialdan istifadə edərək “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Qərb marşrutunun heç olmasa qismən işə salınmasını hədəfləyirdi. Ölkənin siyasi rəhbərliyinin də fəal dəstəyi ilə «Azərbaycan Dəmir Yolları» QSC-nin bu ideyası son illər Rusiya və İranı da hərəkətə gətirə bildi. Qeyd etmək lazımdır ki, bu, Azərbaycanın tranzit ölkə statusunu möhkəmləndirəcək növbəti kontinental layihə olacaq.
Dəhlizin Azərbaycan ərazisi üzərindən keçən hissəsində gözlənilən yük daşıma həcmi, birinci mərhələdə – 3 milyon ton, ikinci mərhələdə – 5-8 milyon ton, üçüncü mərhələdə – 15 milyon ton təşkil edəcək.
Azərbaycan ərazisindən keçən region üçün böyük əhəmiyyətə malik nəqliyyat dəhlizi – RƏYLƏR
Dəhlizin Azərbaycan hissəsində hansı işlər görülüb?
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlər yekunlaşıb. Belə ki, Azərbaycan dəmir yolları tərəfindən Azərbaycanın Astara stansiyası ilə İranın Astara stansiyası arasında 9,7 km dəmir yolu xətti və iki ölkə sərhədində 82,5 m uzunluğu olan körpü inşa edilib. Bundan başqa, ikitərəfli razılaşmaya əsasən “Azərbaycan Dəmir Yolları” QSC İran ərazisində 35 hektar ərazidə yük terminalı inşa edərək onu 25 illik müddətə və sərhəddən terminaladək tikdirdiyi 1,4 km uzunluğunda dəmir yolunu 15 illik müddətə icarəyə götürüb. Qeyd olunan terminalda quru yüklərin aşırılması artıq həyata keçirilir.

Bu maşrutun Qəzvin-Rəşt (175 km) hissəsinin tikintisi tamamlanıb. Samur çayı üzərindən Samur (Azərbaycan) – Yaraq Qazmalar (Rusiya) avtomobil körpüsünün inşası isə davam etdirilir.
Dəhliz, Avropa və Cənub-şərqi Asiya arasında sürətli və daha sərfəli ticarət əlaqəsi yaratmaq məqsədi daşıyır. Dəhlizin Azərbaycan ərazisindən keçən dəmir yolu hissəsinin uzunluğu 514 km-dir. Bakı-Yalama sahəsində dəmir yolu ikixətlidir, elektrikləşdirilmiş və avtomatik rabitə və işarəvermə sistemi ilə tam təchiz olunub. Sahənin buraxılış qabiliyyəti sutkada 60 cüt qatardır. Bakı-Astara dəmir yolu sahəsinin Osmanlı stansiyasına qədər olan 140 km-lik hissəsi ikixətlidir, elektrikləşdirmiş, avtomatik işarəvermə sistemi ilə təchiz olunmuşdur. Sahənin buraxılış qabiliyyəti sutkada 53 cüt qatardır. Bakı-Astara dəmir yol sahəsinin Osmanlı stansiyasından Astara stansiyasına qədər olan 184 km-lik hissəsi biryolludur, elektrikləşdirilməyib, avtomatik işarəvermə sistemi ilə təchiz olunub. Sahənin buraxılış qabiliyyəti sutkada 20 cüt qatardır. Dəhliz üzərində İran-Azərbaycan-Rusiya dəmir yolu şəbəkəsinin birləşdirilməsi üçün İran ərazisində uzunluğu 350 km olan Qəzvin-Rəşt-Ənzəli-Astara yeni dəmir yolu xətti inşa edilməlidir.
Qeyd edək ki, İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, 2019-cu ilin birinci yarısında ölkə ərazisindən 4,1 milyon ton tranzit yük daşınıb. Bu dövr ərzində “Şimal-Cənub” Nəqliyyat Dəhlizi ilə 138 min ton yük daşınıb.
Şimal-Cənub nəqliyyat dəhlizinin region üçün əhəmiyyəti barədə ekspertlər nə düşünür?
TRACECA üzrə Hökumətlərarası Komissiyanın milli katibi Akif Mustafayev bildirib ki, “Şimal-Cənub” Nəqliyyat Dəhlizinin region üçün müsbət təsiri var: “Dəhliz vasitəsilə yük daşımaların artması dövlətlərarasında gəlirlərin artması deməkdir. Nəticə etibarı ilə büdcəyə daxilolmalar artacaq. Eyni zamanda, xalqlar da bundan yararlanacaq. Siyasi və iqtisadi dividend qazanmaqla yanaşı xalqlar arasında hörmət yaranır. Bu, regionun geopolitikasına müsbət təsir göstərir. Bizim “Şərq-Qərb” Nəqliyyat Dəhlizii kimi nümunəmiz var. Milyonlarla ölçülən həcmdə yük daşımalar həyata keçirilir. Bunun faydasını xeyli dövlətlər görürlər. Belə ki, bu ilin 6 ayında “Şimal-Qərb” Nəqliyyat Dəhlizi ilə daşınan ümumi tranzit yükün həcmi 70% artaraq 829 min ton təşkil edib. “Şərq-Qərb” Nəqliyyat Dəhlizi ilə daşınan qeyri-neft məhsullarının həcmi isə 42,8% artaraq 795 min ton olub. Bu daşımaları həyata keçirən şirkətlər 400 mln manata yaxın gəlir əldə ediblər”.“Şimal-Cənub” Nəqliyyat Dəhlizinin tam işə düşməsindən sonra 20-ə yaxın dövlətin bundan faydalanması gözlənilir”.

Onun sözlərinə görə, “Şimal –Cənub” Nəqliyyat Dəhlizi tam istifadəyə verildikdən sonra daha çox mənfəət əldə ediləcək: “Hazırda Astara-Rəşt dəmir yolun inşası hələ tamamlanmayıb. Buna görə də yüklər aşıram ilə daşınır. Yəni, yüklər gəmi ilə Hindistanın Mumbai limanından İranın Bəndər-Abbas limanına gətirildikdən sonra qatara yüklənir və İranın mövcud dəmir yolu ilə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinə ötürülür və birbaşa Azərbaycan ərazisindən Rusiyaya, oradan da Avropa ölkələrinə çatdırılır. Yaxın gələcəkdə Rəşt-Astara dəmir yolun inşasından sonra birbaşa dəmir yolu daşımaları nəticəsində gözəçarpan qədər artım gözləmək olar”.
A.Mustafayev əlavə edib ki, bu dəhlizin əhatə dairəsi çox böyükdür: “Yüklər hazırda Azərbaycan, Rusiya və İran vasitəsilə daşınır. “Şimal-Cənub” Nəqliyyat Dəhlizinin reallaşmasının əsas təşəbbüskarı Prezident İlham Əliyevdir. 2 il bundan öncə Azərbaycanda dəhlizlə bağlı razılaşmalar əldə olunub. 20 il idi ki, sözügedən dəhliz ölü vəziyyətində idi, işləmirdi. Son iki illdir ki, aktivlik müşahidə olunur. Tam fəaliyyət göstərdikdən sonra, 20-ə yaxın dövlətin bundan faydalanması gözlənilir”.
Milli Məclisin deputatı Azər Badamov isə hesab edir ki, Azərbaycan dövlət başçısı ölkənin coğrafi imkalarından düzgün istifadə edilməsi ilə bağlı addımlar atıb: “Bunu Azərbaycanın İpək Yolu üzərində yerləşməsi, həmçinin beynəlxalq tranzit layihələrindən istifadə edilməsi kimi qeyd etmək olar. Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərində görülmüş işlər buna xidmət edir. Bu layihələrin ölkəmiz üçün böyük əhəmiyyəti var. “Şimal-Cənub” Nəqliyyat Dəhlizinin siyasi əhəmiyyəti də var. Azərbaycan bu gün təhlükəsilzik adasıdır, regionda ən sabit ölkədir. Azərbaycandan bu beynəlxalq dəhlizlərin keçməsi dünyanın Azərbaycana qiyməti kimi də dəyərləndirmək olar. Azərbaycanın işğalçı Ermənistan istisna olmaqla region ölkələri ilə mehriban qonşuluq və dostluq münasibətləri var. Azərbaycanın təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən beynəlxalq layihələrin icrasında region ölkələr yaxından iştirak edir. “Şimal-Cənub” Nəqliyyat Dəhlizi də prespektivi olan layihədir. Çünki bu, ancaq İran, Azərbaycan və Rusiyaya gəlir gətirməyəcək, bu həm də qitələrarası tranzit yüklər daşınacaq layihədir.
Ümumiyyətlə, “Şimal-Cənub” Nəqliyyat Dəhlizi bütün dünya üçün əhəmiyyətə malikdir. Gələcəkdə Çindən keçən yüklər də həmin dəhliz vasitəsilə daşına bilər. Bu layihədən istifadə edəcək ölkələrin də sayı gələcəkdə daha da artacaq. Bu, qitələri birləşdirən ən qısa dəhlizdir. Bu dəhlizdən istifadə edəcək ölkələr üçün daha rentabelli daşımalar həyata keçiriləcək layihə olacaqdır”.
Milli Məclisin deputatı Azər Badamov: “Şimal-Cənub” qitələri birləşdirən ən qısa dəhlizdir”.
Məlum olduğu kimi, “Şimal-Cənub” Nəqliyyat Dəhlizinin regiona əhəmiyyəti böyükdür. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizindən kənar daşınan yüklər Hindistandan çıxaraq 4 dənizdən keçib Almaniyaya çatdırılır. Mumbai limanından çıxan yüklü gəmilər Ərəbistan dənizinə, Fars körfəzindən keçərək Qırmızı dənizə, Süveyş kanalından keçərək Aralıq dənizinə, Hibraltar boğazından Atlantik okeanına, La-Manş boğazından Şimal dənizindəki Almaniya limanlarına daxil olurlar. Bundan başqa, Süveyş kanalının ötürmə qabiliyyəti zəif olduğundan gəmilər bəzən həftələrlə növbə gözləməli olurlar.
Dənizlərdəki fırtınaları, ərazi sularından keçmək üçün ödənilən tranzit haqlarını və gömrük terminallarında yubanmaları nəzərə alsaq, bu yolun uzun, bahalı, üzücü və təhlükəli olduğunu görərik. Hindistandan Finlandiyaya qədər uzunluğu 7200 kilometr olan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yüklərin daşınma müddəti 2 dəfədən çox azalır. Mütəxəssislərin fikrincə, dəhliz Süveyş kanalından fərqli olaraq yolu 800 kilometr azaldır ki, bu da müqayisədə yüklərin 20 gün tez çatdırılması deməkdir. Bütün bunlar isə hər 15 ton yükün daşınmasında 2500 dollar vəsaitə qənaət edilməsinə gətirib çıxarır.
Beləliklə, yaxın gələcəkdə bu layihənin tam reallaşmasından sonra Azərbaycanın regionda nüfuzu daha da artacaq. Bu region ölkələrinin iqtisadi inkişafına təkan verəcək. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi həm də çox mühüm geosiyasi dəyəri özündə ehtiva edən layihədir. Cənubi Qafqaz regionunda, Xəzər bölgəsində Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi üçün yeni imkanlar açacaq, Ermənistanın beynəlxalq nəqliyyat dəhlizləri ilə bağlı arzularını da puça çıxaracaq.