Avrasiyanın mühüm dəmir yolları şəbəkəsinin Azərbaycanla birləşməsinə çox az qaldı…

548

Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxışında yaxın tezlikdə Azərbaycanın oynadığı rolun əhəmiyyətli dərəcədə artması gözlənir. Belə görünür ki, sözügedən regionda yerləşən ölkələr qarşıdakı dövr ərzində istehsal etdiyi məhsulların dünya bazarlarına çıxarılmasında Azrəbaycandan əsas tranzit məkan qismində istifadə edəcək. Bütün bunların əsas səbəbi İranla Azərbaycanın dəmir yolları arasında inkişaf edən əməkdaşlıq və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizidir.

Belə görünür ki, baş verənləri diqqətlə izləyən Mərkəzi Asiya ölkələri yüklərini İran, buradan isə Azərbaycan üzərindən daşımağa getdikcə daha çox maraq göstərir. İran isə bu fonda dəmir yolu sahəsində də Azərbaycanla əməkdaşlığın inkişafına xüsusi diqqət yetirir. İran Dəmir Yollarının prezidenti və idarə heyətinin sədri Səid Rəsuli də vurğulayır ki, ölkəsi ilə Azərbaycanın dəmir yolları arasında faydalı əməkdaşlıq əlaqələri mövcuddur. Rəsuli qeyd edir ki, Azərbaycan “Şimal-Cənub” dəhlizinin də tam olaraq formalaşmasında fəallıq göstərir. O nəzərə çatdırıb ki, məhz İranla Azərbaycanın dəmir yolu sahəsində əməkdaşlığı nəticəsində Asiya ilə Avropa dəmir yolu nəqliyyatı baxımından birləşəcək. Asiya ölkələri Avropaya, Avropa ölkələri isə Fars körfəzi sahillərinə və Cənub Şərqi Asiyaya çıxış əldə edəcək. Bu isə hər iki qitənin ticarət və iqtisadiyyatının inkişafına böyük təkan verəcək. İranın birinci vitse-prezidenti Eshaq Cahangiri də bildirir ki, yaranmış vəziyyətdə İran-Azərbaycan əlaqələrinin inkişafına heç kim maneə yarada bilməz. Onun sözlərinə görə, hazırda ölkələrimiz iqtisadi sahədə faydalı əməkdaşlıq əlaqələrini davam etdirir: “Şimal-Cənub” dəhlizi çərçivəsində əməkdaşlıq bütün region dövlətləri üçün əhəmiyyətlidir. Asiyadan Avropaya dəmir yolu ilə daşınan yüklərin tranzit olaraq İran və Azərbaycandan keçməsi qeyri-neft sektorunun inkişafına zəmin yaradacaq. Qəzvin-Rəşt-Astara dəmir yolunun Qəzvin-Rəşt hissəsi istismara buraxılıb. Hazırda Rəşt-Astara hissəsinin tikintisi davam edir. Bu yolun tikintisində Azərbaycan da iştirak edir. Hazırda hər iki dövlət bir neçə birgə iqtisadi layihə həyata keçirir”. İndilikdə isə Mərkəzi Asiya ölkələrinin İran üzərindən məhsullarını Azərbaycan vasitəsilə dünya bazarlarına çıxarması üçün bütün münbit şərait mövcuddur. Elə qeyd olunan fonda bu günlərdə İran, Türkmənistan, Qazaxıstan və Azərbaycan dəmir yolu sahəsində əməkdaşlıqla bağlı müzakirələr aparıb.  

Xatırladaq ki, Azərbaycan dəmir yolları tərəfindən Azərbaycanın Astara stansiyası ilə İranın Astara stansiyası arasında 9,7 kilometr dəmir yolu xətti və iki ölkə sərhədində 82,5 metr uzunluğu olan körpü inşa edilib. Bundan başqa, ikitərəfli razılaşmaya əsasən “Azərbaycan Dəmir Yolları” QSC İran ərazisində 35 hektar ərazidə yük terminalı inşa edərək, onu 25 illik müddətə və sərhəddən terminaladək tikdirdiyi 1,4 kilometr  uzunluğunda dəmir yolunu 15 illik müddətə icarəyə götürüb. Qeyd olunan terminalda quru yüklərin aşırılması artıq həyata keçirilir.

Bu maşrutun Qəzvin-Rəşt hissəsinin tikintisi tamamlanıb. Samur çayı üzərindən Samur (Azərbaycan) – Yaraq Qazmalar (Rusiya) avtomobil körpüsünün inşası isə davam etdirilir. Qeyd edək ki, İran-Türkmənistan sərhədində Uzun (Qazaxıstan)- Bərəkət (Türkmənistan)-Qorqan (İran) dəmir yolunun istismara verilməsinin təntəli açılışı 2014-cu ilin dekabrında keçirilib,  Qazaxıstan və Türkmənistan hissəsinin tikintisi isə 2013-cu ilin mayında başa çatıb. Dəmir yolunun uzunluğu 925 kilometrdir. Dəmir yolunun 85 kilometri İran ərazisindən keçir. Yolun türkmən sahəsinin uzunluğu 700 kilometr, qazax sahəsinin uzunluğu isə 140 kilometrdir.

Qazaxıstan-Türkmənistan-İran dəmir yolunun inşası barədə saziş 3 dövlət başçısı tərəfindən 2007-ci ildə imzalanıb. Tikinti işləri 2009-cu ildə başlanıb. Qazaxıstan-Türkmənistan-İran dəmir yolu beynəlxalq “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsidir. Bu layihənin təkmilləşdirilməsi ilə Çindən tutmuş Şərqi Avropaya qədər uzanan dəmir yolu marşrutundan istifadə imkanı yaranacaq. Ən əsası isə budur ki, dəmir yolu ilə daşınan yüklərin əsas hissəsi “Şimal-Cənub” çərçivəsində məhz Azərbaycandan keçəcək. Bununla Azərbaycanın tranzit gəlirləri artacaq, eyni zamanda ölkənin dəmir yolu şəbəkəsi daha böyük qovşağa birləşəcək. Bundan başqa nəzərə alaq ki, Azərbaycanın dəmir yollarının yaxın tezlikdə Transsibir magistralı ilə birləşməsi də gözlənilir. Artıq bu xüsusda  Moskvada Azərbaycan və Rusiya dəmir yolları idarələrinin nümayəndələri arasında müzakirə aparılıb. Müzakirələrdə Rusiya ərazisindən keçməklə Çin, Yaponiya və Koreyadan yüklərin “Transsibir” magistralı ilə Azərbaycana, buradan isə Bakı-Tiflis-Qars dəmir yolu xəttilə Türkiyə istiqamətində daşınması məsələsi gündəmə gəlib. Məhz bu vəziyyət o deməkdir ki, Azərbaycan dəmir yolları dünya miqyasında böyük bir şəbəkənin mühüm halqalarından birinə çevrilir.

Qeyd edək ki, “Transsibir” magistralı dünyanın ən uzun dəmir yoludur. 9300 kilometrə yaxın bu yol Moskvanı Rusianın Uzaq Şərqi ilə birləşdirir və son məntəqəsi Vladivostok şəhəridir. “Rusiya Dəmir Yolları” ASC-nin baş direktorunun birinci müavini Aleksandr Mişarin də bu günlərdə belə bir açıqlama ilə çıxış etmişdi ki, Rusiya Azərbaycan və Gürcüstandan keçməklə Türkiyəyə, oradan da Avropaya çatdırılma məqsədilə yük daşımalarının, o cümlədən konteyner daşımalarının bir hissəsini “Transsibir”  dəmir yolu xəttinə keçirməyi planlaşdırır: “Bu layihə reallaşdırılır. O, Azərbaycan-Gürcüstan-Türkiyə arasındakı razılığa əsasən həyata keçirilir. Söhbət axının bir hissəsini “Transsibir” magistralı üzrə Azərbaycan və Gürcüstandan keçməklə Türkiyəyə, oradan da Avropaya yönəltməyə imkan verəcək iki müxtəlif enlikli dəmir yolu xəttindən gedir”.

Yuxarıda qeyd olunduğu kimi, dünyanın müxtəlif istiqamətlərinə uzanın bu dəmir yollarının əlaqələndirilməsində Azərbaycan artıq mühüm rol oynayır. Bu isə dəmir yolları ilə daşımalardan ölkənin böyük həcmdə gəlirlər əldə etməsi deməkdir.