Bəzi dövlətlərin şübhə etdiyi “Əsrin kontraktı”ndan sonrakı işlər – 19 dövlət, 26 neft sazişi…

495

Fuad İbrahimov: “Azərbaycan uğurlu siyasət yeridə bildiyi üçün, 19 ölkənin 41 neft şirkəti ölkəmizlə çoxsaylı saziş imzalayıb”

İyirmi beş il əvvəl, 20 sentyabr 1994-cü ildə Azərbaycan və altı ölkəni təmsil edən 11 neft şirkətindən ibarət konsorsium Bakıda “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” haqqında saziş imzalayıblar. Bu, tarixə “Əsrin müqaviləsi” adı ilə düşüb.

O vaxt bəzi dövlətlər, müəyyən xarici dairələr sözügedən sazişin imzalanmasından sonra görüləcək işlərə şübhə ilə yanaşırdılar. Ancaq onların bu şübhələri tamamilə fiaskoya uğradı. “Əsrin müqaviləsi”ndən sonra 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalandı. Müqavilənin müddəalarını nəzərdə tutulan müddətdə icra etmək və artan neft hasilatını beynəlxalq bazarlara daşımaq üçün yeni neft kəmərləri tikilib istifadəyə verildi. 1997-ci ilin sonlarında neft Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixrac edilməyə başlandı. 1999-cu ildə Qara dənizin digər limanına – Supsaya Bakıdan neft kəməri çəkilib istifadəyə verilib. 1999-cu ilin dekabrında Azərbaycan nefti ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarılıb. 2002-ci ildə Bakı-Tiflis-Ceyhanın təməli qoyuldu. Qlobal əhəmiyyət kəsb edən kəmər Azərbaycanın enerji dəhlizinə çevrilməsi istiqamətində mühüm addım idi.

2005-ci il mayın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı-Tiflis-Ceyhan neft kəmərinin açılış mərasimi keçirildi, 2006-cı ildə Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin nəqlinə başlandı.

“Əsrin müqaviləsi”ndən sonra imzalanan 26 saziş nəticəsində nef-qaz sektoruna qoyulan sərmayələr daha da artdı. Həm neft, həm də qaz hasilatı yüksəldi. Neft emalı sənayesi yenidən quruldu. Bu sektorla bağlı çoxsaylı müəssisə tikildi və yenidən müasir dövrün tələblərinə uyğun olaraq quruldu.

Bütövlükdə, sözügedən müqavilədən sonra 26 sazişin imzalanması nəyin göstəricisi idi?

  • “Bütün bunların hamısının həyata keçirilməsi üçün incə bir xarici siyasət yeridildi”

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Fuad İbrahimovun sözlərinə görə, bu, Azərbaycana inamın göstəricisi idi: “Bizdən də neft ehtiyatına görə zəngin ölkələr var, amma həmin ölkələrin neft sektoruna xarici sərmayə qoyulmur. Hansısa zəngin təbii ehtiyata malik olmaqla iş bitmir. Əsas məsələ odur ki, dövlət onu iqtisadi dövriyyəyə cəlb edə bilsin. Onu ölkənin iqtisadi inkişafının xeyrinə çevirə bilsin. Azərbaycan uğurlu siyasət yeridə bildiyi üçün, 19 ölkənin 41 neft şirkəti ölkəmizlə çoxsaylı saziş imzalayıb. Azərbaycan etibarlı tərəfdaş olduğuna görə bir belə ölkə bizimlə bu qədər müqavilə bağlayıb. Uğurlu xarici siyasət olmasaydı, o zaman dünyanın böyük neft nəhəngləri Azərbaycanın enerji sektoruna on milyardlarla sərmayə qoymazdılar. Azərbaycanın uğurlu siyasət yeritməsinin nəticəsidir ki, çoxsaylı saziş imzalandı və ölkəyə böyük sərmayə axını başladı. Bir sıra ölkələr öz neft və qaz resurslarını lazımi səviyyədə iqtisadi dövriyyəyə cəlb edə, dünya bazarına çıxara bilmir. Bir çox dünya eksperti rişxəndlə deyirdi ki, Bakı-Tiflis-Ceyhan neft kəməri reallaşmayacaq. Ən azından, Rusiya buna imkan verməyəcək. Ancaq bunların heç biri özünü doğrultmadı. BTC ilə yanaşı, digər kəmərlər də çəkildi. Azərbaycan “Cənub Qaz Dəhlizi”nin aparıcı koordinatorudur. Bütün bunların hamısının həyata keçirilməsi üçün incə bir xarici siyasət yeridildi. Azərbaycan da bunu edə bildi”.

Vidadi ORDAHALLI