FHN “Bulla-dəniz” yatağının platformasında yanğın təhlükəsizliyi ilə bağlı seminar təşkil edib

363

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti N.Nərimanov adına Neft-Qaz Çixarma İdarəsinin “Bulla-dəniz” yatağında yerləşən 6 saylı platformada yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı maarifləndirici seminar keçirib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, “Neft sənayesinin yanğın təhlükəsizliyi: ərazi, bina və avadanlıqlara olan tələblər” mövzusunda keçirilən nəzəri-praktiki seminarda müəssisənin əməkdaşlarına ərazinin saxlanma xüsusiyyətləri, o cümlədən yollar, yanğın təhlükəsizliyi normalarına uyğun aralıq məsafələr, binalar, su mənbələrinə və digər obyektlərə keçid yollarına dair tələblər barədə məlumat verilib. Habelə maddə və materialların, yanğınsöndürmə və yanğın rabitə siqnalizasiya vasitələrinin saxlanılması, nəqliyyat vasitələrinin müəssisə ərazisinə buraxılması qaydaları barədə də söhbət aparılıb. Bundan əlavə, seminar iştirakçıları istehsalat müəssisələrində və inzibati binalarda yanğın təhlükəsizliyi, həmçinin yanğına qarşı su təchizatına dair tələblər barədə məlumatlandırılıb. Bildirilib ki, yanğın təhlükəsizliyinin təmin olunmasında ən vacib vəzifələrdən biri də müəssisələr tərəfindən mühəndis və texniki işçilərə yanğın təhlükəsizliyi tələblərinin öyrədilməsidir. Tədbirdə əməkdaşların yanğın təhlükəsizliyi barədə təlimatlandırılmasının zəruriliyi vurğulanıb, bu istiqamətdə fəaliyyətin daha səmərəli təşkil olunması üçün müvafiq tövsiyələr verilib.

Seminarda ilkin yanğınsöndürmə vasitələri, onların təsnifatı, tətbiq olunma qaydaları haqqında ətraflı məlumat verilib, odsöndürənlərdən istifadə qaydası əyani şəkildə nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır