Dünyada ən iri neft şirkəti Norveçin neft-qaz sektorunda öz payını satır

342

Amerikanın “Exxon Mobil” şirkəti Norveçin “Var Energi AS” neft-qaz şirkətində ona məxsus aktivləri İtaliyanın “Eni” şirkətinə 4,5 milyard dollara satmağa razılaşıb.

AZƏRTAC “Exxon Mobil” şirkətinin saytına istinadla xəbər verir ki, Amerika şirkəti adətən mühüm mövqelərə malik olduğu Norveçdə enerji daşıyıcıları hasilatını dayandırmağı qərara alıb.

“Var Energi AS” Norveçin kontinental şelfində enerji resurslarının kəşfiyyatı və hasilatı ilə məşğul olan ən iri müstəqil şirkətdir. Onun satılması ilə bağlı sövdələşmə “Exxon Mobil” şirkətinin strateji planlarının tərkib hissəsidir. “Exxon Mobil” strateji əhəmiyyət kəsb etməyən 15 milyard dollar dəyərində aktivlərin 2021-ci ilə qədər satılmasını və yenidən sərmayə qoyulmasını planlaşdırır.

Gözlənildiyinə görə, bu sövdənin icrası standart prosedurlara, o cümlədən nizamlayıcı orqanların icazəsi ilə bağlı adi proseduralara riayət edilməklə 2019-cu ilin dördüncü rübündə başa çatdırılacaq.

Qeyd etmək lazımdır ki, Amerika nəhəngi öz aktivlərini satmaqla əsasən Norveçin “Equinor” enerji şirkəti tərəfindən istismar edilən 20-dən çox yataqda öz payını itirir.

Norveç bazarında 100 ildən artıq müddətdə təmsil olunan “Exxon Mobil” şirkətinin iri səhm paketinin satılması ona sanballı maliyyə resursları gətirdiyinə baxmayaraq, şirkətin bu bazardan getməsi birjaların açılışı anında ona məxsus qiymətli kağızların dəyərinin azalması ilə nəticələnib.

Bu da öz növbəsində neft və qaz hasilatı və satışı sisteminin inkişaf etmiş olduğu Norveç üçün kapital axınına səbəb olur. Bu vəziyyət neft-qaz sahəsinə investisiyalara da təsir göstərir. Bu il Norveçdə işləyən neft və qaz şirkətləri 2019-cu ildə bu sahəyə investisiyalarla bağlı proqnozlarını azaldandan sonra Norveç Statistika Agentliyi 2020-ci ildə bu sahəyə investisiya proqnozlarının azaldığını elan edib.

Norveçin neft-qaz sənayesinə maraq xeyli azalıb. Buna görə də Norveçin “Okea” neft şirkətinin icraçı direktoru Erik Xauqane jurnalistlərə müsahibəsində bildirib ki, onun fikrincə, 10 ildən sonra Norveçin “Equinor” şirkəti müstəsna olmaqla bütün iri neft şirkətləri bu ölkəyə məxsus kontinental şelfi tərk edəcəklər.

Xatırladaq ki, Amerikanın “Chevron” şirkəti keçən il Norveçin ofşor lisenziyasında sonuncu payını sataraq Norveçi tərk edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır