Bu ildən etibarən sənaye balıq ovuna kvotaların alınmasını “ASAN xidmət” həyata keçirir

281

Sənaye balıq ovu kvotalarının alınması bu ildən etibarən “ASAN xidmət”ə keçib. Nəticədə məmurla vətəndaşın birbaşa ünsiyyəti yoxdur, “ASAN xidmət”ə müraciət olunur və balıq ovu kvotaları oradan əldə edilir. Bu da öz növbəsində şəffaflığa və çevik yolla kvotaların əldə olunmasına təminat yaradır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.

Departament direktorunun sözlərinə görə, həvəskar balıq ovçuları üçün çoxlu sayda imkanlar yaradılıb: “Həvəskar balıqçılara müxtəlif hövzələrdə yerlər ayrılıb. Eyni zamanda, milli park ərazilərində imkanlar yaradılıb. Elə bu yaxınlarda Abşeron Milli Parkında həvəskar balıqçılar üçün tədbir keçirilib. Həmin tədbirlər ardıcıl olaraq davam etdiriləcək.

Lakin buna baxmayaraq, son dövrlər sosial şəbəkələrdə balıq ovu sahəsində özbaşınalıqlar, yəni bu sahədə problemlərin olması, aidiyyəti qurumlar tərəfindən qarşısının alınmaması ilə bağlı ciddi ittihamlar səslənir. Həmin sahədə ciddi problemlərin olduğunu danmırıq. Əlbəttə ki, brakonyerlik bütün dövrlərdə olan, hətta ən inkişaf etmiş ölkələrdə belə qeydə alınan haldır. Bu gün dəniz məhsullarının dünyada qeyri-qanuni dövriyyəsi 25 milyard dollara qədər qiymətləndirilir və rəsmi məlumatlara görə ümumi tutulan balıq məhsullarının təxminən beşdə ikiyə qədəri brakonyerliyin payına düşür.

Hazırda bilavasitə bu sahəyə cavabdeh olan Su Nəqliyyatında Polis İdarəsi tərəfindən çoxlu sayda işlər aparılır. Nazirlik də öz səlahiyyətləri daxilində onlarla birgə istər monitorinqlərin, təbliğat işlərinin aparılması, istərsə də tövsiyələrin verilməsi ilə bağlı xeyli işlər görür. Təbii ki, müxtəlif su hövzələrində olan bu cür qanunsuzluqların eyni vaxtda, qısa müddətdə qarşısının alınması mümkün deyil. Bu məsələni qaldıran şəxslər özləri də kömək etməlidirlər. Sadəcə olaraq mücərrəd məlumatların verilməsi və ittihamların səslənməsi düzgün deyil, konkret ünvanlı məlumat olmalıdır. Bir daha bildiririk ki, həmin məsələlər əksər hallarda cinayət əməlidir. Bununla mübarizə hüquq mühafizə orqanları tərəfindən aparılır. Nazirlik bu sahədə ardıcıl olaraq təbliğat, monitorinq, təhlil işləri aparır, tövsiyələr verir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır