ASCO: “General Əsədov” gəmisi küləyin güclənməsi ilə əlaqədar 456 sərnişinlə geri qayıdıb

1291

“Noyabrın 2-3-də hava şəraiti fırtınalı (Noyabrın 02-si gündüzdən 03-ü səhərədək şimal-qərb, şimal küləyi 18-23 m/san, arabir 28-33 m/san, açıq dənizdə arabir 35 m/san və dalğanın hündürlüyü 4-5 m-3.5 m, sonrakı inkişafda 6,0-8,0 m) olduğu üçün sərnişin gəmiləri Dəniz vağzalı – Neft Daşları səfərini icra edə bilməyiblər”. 

“Report” xəbər verir ki, bunu “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) mətbuat katibi Mehman Mehdiyev “General Əsədov” gəmisinin Neft-Daşlarında çalışan neftçiləri əraziyə aparmaması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən deyib: Gəmi 04.11.2019-cu tarixində, saat 06:30-da 456 nəfər sərnişinlə səfərə başlasa da, küləyin sürətinin 23 m/san-yə kimi güclənməsi, dalğanın isə 3-4 m-ə kimi qalxması ilə əlaqədar səfəri davam etdirə bilməyib və saat 10:00-da Dəniz vağzalına geri qayıdıb.

Eyni zamanda saat 08:40-da hava şəraitinin fırtınalı olması ilə bağlı hidrometeoroloji mərkəz tərəfindən xəbərdarlıq (yaxın saatlar ərzində cənub-şərq, cənub küləyinin 12-17 m/san, arabir 20 m/san-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyü 2-3 metr olacaq) verilib”.