“Bonus Siyasəti” uğurla tətbiq edilir

345

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO)  “Bonus Siyasəti” ilə bağlı tədbir keçirilib. ASCO əməkdaşlarının iştirakı ilə baş tutan  tədbirdə çıxış edən şirkət sədrinin kommersiya, strateji inkişaf və innovasiyalar üzrə müavini Fərhad Quliyev bildirib ki, Gəmiçilik rəhbərliyinin daim diqqətdə saxladığı korporativ idarəetmə ilə bağlı  davamlı işlər görülür, müxtəlif layihələr gerçəkləşdirilir. Qeyd olunub ki, mükafatlandırma korporativ idarəetmə sisteminin vacib elementlərindən biridir. Bu prinsipi əsas götürən ASCO  2017-ci ildən etibarən “Bonus Siyasəti”ni uğurla tətbiq edir. 

Fərhad Quliyev qeyd edib ki, tətbiq olunan “Bonus Siyasəti” Azərbaycan Respublikası Prezidentinin 05.09.2016-cı il tarixli 2300 nömrəli “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.06.2019-cu il tarixli 257 nömrəli Qərarı ilə təsdiq edilmiş “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi Qaydaları”na uyğunlaşdırılıb. Tədbir zamanı “Bonus Siyasəti”nin tətbiqi sahəsi və Siyasətə olunan yeniliklər barədə məlumat verilib.

Eyni zamanda bildirilib  ki, ASCO-nun “Bonus Siyasət”i  dünyada tanınmış müstəqil audit şirkəti olan “Deloitte & Touche” tərəfindən nəzərdən keçirilib və müvafiq təklifləri nəzərə alınıb.

Daha sonra ASCO-nun İnsan Resurslarının İdarəedilməsi departamentinin rəisi Sevda Məmmədova Gəmiçilikdə hal-hazırda tətbiq edilən xidməti fəaliyyətin qiymətləndirilməsi prosesi barədə məlumat verib və həmin prosesin avtomatlaşdırılmış yeni versiyasının istifadəsi qaydaları haqqında təqdimat edib. 

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Mənbə: http://asco.az/bonus-siyaseti-ugurla-tetbiq-edilir/