İstanbulun rəmzlərindən olan tarixi balıqçı qayıqları “tarix”ə qovuşur

262

İstanbulun rəmzlərindən olan tarixi Eminönü balıqçı qayıqları “tarix”ə qovuşur.

AZƏRTAC xəbər verir ki, İstanbul Büyükşəhər Bələdiyyəsi ilə balıqçılar arasında 2007-ci ildə imzalanan 10 illik razılaşmanın vaxtı 2017-ci ildə bitib. Sonradan razılaşmanın hər il yenilənəcəyi barədə qərara qəbul edilib. Lakin oktyabr ayının əvvəlində İstanbul Büyükşəhər Bələdiyyəsi tərəfindən razılaşmanın yenilənməyəcəyi bildirilib. Bununla da İstanbulun Fatih rayonunda uzun illər fəaliyyət göstərən tarixi balıqçı qayıqlarının fəaliyyətinin dayandırılacağına qərara verilib.

Bununla bağlı qayıqlarda işləyən 150 balıqçı tərəfindən İstanbul 4-cü İdarə Məhkəməsinə müraciət olunub. Lakin məhkəmə bələdiyyənin xeyrinə qərar qəbul edib.

İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən qayıqların fəaliyyətinin dayandırılmasının bölgədə aparılacaq yenidənqurma işləri ilə əlaqədar olduğu bildirilir. Bununla bağlı bələdiyyə tərəfindən hazırlanan yeni layihənin, hələ ki, cəmiyyətə təqdim edilməməsi balıqçılarla yanaşı, əhali arasında da narahatçılığa səbəb olub.

Hazırda ölkənin bir çox bölgəsindən vətəndaşlar son dəfə “balık-ekmek” yemək üçün Eminönünə axın edir. İnsanlar təxminən 150 il burada fəaliyyət göstərən balıqçı qayıqlarının artıq türk mədəniyyətinin bir hissəsi olduğunu və bu ərazini qızarmış balıq qoxusu gəlmədən təsəvvür etməyin çətin olduğunu bildirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır