Kiçikhəcmli gəmilərin istifadəçilərinə təhlükəsizlik qaydaları izah edilib

306

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Bakı Regional Mərkəzinin əməkdaşları ilə birgə noyabrın 8-də Səbail rayonunun Şıx qəsəbəsində maarifləndirmə tədbiri keçirib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda keçirilən tədbirdə istifadəçilərə bu tip gəmilərin təchizat avadanlığı və istismar qaydaları barədə məlumat verilib. Həmçinin kiçikhəcmli gəmilərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatı və texniki baxışdan keçirilməsi, habelə gəmilərin sürücüləri tərəfindən sürücülük vəsiqələrinin alınmasının vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda, kiçikhəcmli gəmilərin sürücüləri naviqasiya cihazları, xilasedici vasitələr və onlardan istifadə qaydaları ilə bağlı da maarifləndirilib.

Sonda tədbir iştirakçılarına kiçik həcmli gəmilərin təchizat avadanlığı və təhlükəsiz istismar qaydaları haqqında maarifləndirici broşürlər paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır