Rusiya bir il əvvəl saxladığı üç Ukrayna hərbi gəmisini geri qaytarıb

254

Qara dənizdə Rusiyanın ötən il Kerç körfəzi rayonunda saxladığı üç Ukrayna hərbi gəmisi geri qaytarılıb. AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, gəmilərin buksirə qoşulması barədə məlumat verilib. Onlar Kerçdəki Qenmola ərazisindən səhər saatlarında ayrılıblar.

Rusiya XİN-in bununla bağlı yaydığı məlumatda qeyd olunur ki, ötən ilin noyabrında Rusiya Federasiyasının sərhədini pozan və hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Ukrayna HDD-nın üç gəmisinin qarşı tərəfə təhvil verilməsi həyata keçirilib. Həmçinin bildirilir ki, bu gəmilər Rusiya sərhədini qanunsuz keçməklə bağlı cinayət işinə maddi sübut kimi əlavə olunublar. “Onların Ukrayna tərəfinə məsul saxlanılması üçün təhvil verilməsinin səbəbi ondan ibarətdir ki, Rusiyanın səlahiyyətli orqanları zəruri istintaq tədbirlərini başa çatdırıblar”, -deyə bəyanatda vurğulanır.

Hazırda “Nikopol”, “Berdyansk” və “Yanı Kapu” hərbi gəmiləri Odessaya doğru istiqamət alıblar. Bu barədə Ukrayna Xarici İşlər nazirinin birinci müavini Yelena Zerkal məlumat verib.

Rusiyanın “Kommersant” nəşri yazıb ki, rəsmi Moskva dekabrın 9-da keçiriləcək “normand formatında” sammit ərəfəsində gəmiləri Ukraynaya qaytarmaq barədə qərar verib. Rusiya XİN isə qəzetin bu iddiasını təkzib edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır