17 nəfəri xilas edən kapitan: Hər şey bitdikdən sonra təhlükənin fərqinə vardım – ÖZƏL

404

O an hər hansı təhlükə ilə üzbəüz qalmağımın fərqində deyildim. Sonradan başa düşdüm ki, yubanmadan verdiyim qərar yoldaşlarımın həyatını xilas edib.

Oxu.Az 17 nəfərin həyatını xilas edən “Citadel” gəmisinin 38 yaşlı kapitanı Elbrus İsmayılovla müsahibəni təqdim edir:

– Həmin gün hər şey gözlənilmədən dəyişən hava şəraiti ilə başladı.

– Bəli, hadisə may ayının 8-də baş verib. Həmin gün biz sualtı təhqiqat işləri aparırdıq. Gəmidə ekipajla bərabər əcnəbi mütəxəssislər də var idi. Bir anda gözlənilmədən hava şəraiti dəyişməyə başladı.

Duman gəldi. Əvvəl duman çox az idi, gözləmirdik ki, çoxalar, riskli məqam yaşanar. Bu an bizə məlumat gəldi ki, təcili olaraq İsrafil Hüseynov adına gəmiyə yaxınlaşılsın. Həmin yerdə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu var. Orada nəsə baş vermişdi və yaralılar vardı.

Biz yubanmadan həmin gəmidə olan yaralıları öz gəmimizə köçürdük və təcili olaraq SPS limanına yaxınlaşdıq. Bu, həmin an ən əlverişli və yaxın liman idi. İnsanları təxliyyə etdikdən sonra öz rəhbərliyimizə, dövlət sərhəd xidmətinə məlumat verdik. Onlar vəziyyəti nəzarətdə saxlamaq üçün zəruri tədbirlər gördülər. Allahın köməyilə, heç bir itki baş vermədən onları xilas etdik.

– Təhlükədən qorxmadınız?

– Bilirsiniz, sizə deyim ki, o an panik halında olmadığıma sevinirəm. Məsələ burasındadır ki, heç bilmirdim, nə edirəm. Hər şey olub bitdikdən sonra fərqinə vardım ki, nə dərəcədə təhlükə var idi.

– Yaralıların vəziyyətləri necədir?

– Çox şükür, yaxşıdırlar. Gəmidə heç bir hadisə olmadı. Orada yerli və əcnəbi mütəxəssislər də vardı. Sadəcə, bir nəfərin vəziyyəti nisbətən ağır idi. Ona da zəruri yardım göstərildi. Ölüm hadisəsi olmadığı üçün çox sevinirəm.

– Bu gün sizin 17 nəfəri xilas etdiyiniz barədə geniş müzakirələr aparılır və hər kəs sizi təqdir edir.

– Düşünürəm ki, bunu hər kəs edərdi. Mən xüsusilə Elvin Məcidovun adını xüsusi qeyd etmək istərdim. Biz onunla əlaqə saxladıq və o, bizə istiqamət mövzusunda kömək oldu. Çünki bizə tapşırıq verilmişdi ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanına yaxınlaşaq. Amma həmin an o limana getmək üçün kifayət qədər çox döngələr olduğundan zaman yox idi. Biz onlara SPS limanına yaxınlaşacağımı bildirdik və onlar da bunu təsdiq etdilər.

– Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov sizi bu şücaətinizə və qəhrəmanlığınıza görə mükafatlandırdı.

– Bəli, təşəkkür edirəm hər kəsə. Bu planlaşdırılmamış təxliyyə idi. Bir anda hava şəraitindən yaranan hadisə idi və itkisiz başa çatdı. Sözün açığı, hər şey bitdikdən sonra mən başa düşmüşəm, nə baş verib. Hisslərimi ifadə etməyə sözlər yetməz.