Dəniz limanları haqqında maraqlı faktlar

1513

Dəniz limanları haqqında maraqlı faktlar

Dünya limanlarında konteynerlərlə yükdaşıma həcmi ildən ilə artmaqdadır. Konteyner yüklərinin aşırılma (yükləmə-boşaltma) göstəricisinə görə dünyada ən böyük limanı – Çinin Şanxay limanıdır. Bu limanda 2017-ci ildə 40 milyon 230 min TEU (20 futluq konteyner) 2018-ci ildə isə 42 milyon TEU aşırılmışdır. Yansızı çayının mənsəbində yerləşən, 125 yanalma körpüsü olan bu liman 2010-cı ildən bu siyahıya başçılıq edir. Dünyada ikinci ən çox konteyner yükü aşıran liman Sinqapur limanıdır: 2017-ci ildə bu limanda 33 milyon 670 min TEU və 2018-ci ildə 36 milyon 600 min TEU aşırılmışdır. Konteyner daşınmasına görə dünyada 3-cü ən böyük liman Çinin Şenzen limanıdır: müvafiq olaraq 25 milyon TEU və 27,7 milyon TEU. Ümumiyyətlə, konteyner yüklərinin aşırılmasına görə ilk 20 liman sırasında 10 liman Çinə, 1-i Sunqapura, 1-i Hollandiyaya, 1-i ABŞa, 1-i Koreyaya, 1-i Almaniyaya, 1-i Tailanda, 1-i Belçikaya, 1-i BƏƏ və 2-si Malayziyaya məxsusdur. Avropa qitəsində  konteyner yüklərinin aşırılıma göstəricisinə görə ilk liman Hollandiyanın Rotterdam limanıdır: 2017-ci ildə bu limanda 13 milyon 740 min TEU və 2018-ci ildə 14,5 milyon TEU aşırılmışdır.  Rotterdam – Avropanın əsas dəniz yolu qapısı adlanır. Reyn və Maas çaylarının mənsəbində yerləşən bu limanın tarixi XIII əsrin sonlarına qədər uzanır: Reyn çayı mənsəbində yerləşən kiçik bir balıqçı kəndində ilk bənd tikilmiş, 1340-cı ildə isə ilk kanal salınmışdır. Böyük coğrafi kəşflərdən sonra bu limanın əhəmiyyəti artmış və liman böyüməyə başlamışdır. II Dünya Müharibəsi illərində bu limanın çox hissəsi dağıdılmış, amma müharibədən sonra bu liman yenidən bərpa olunmuş və hazırda Avropanın ən böyük limanı hesab olunur. Limanın sahəsi 105 km2, sahil xəttinin uzunluğu isə 40 km-dir. İl ərzində bu limana 135 mindən artıq gəmi yan alır (günə təqribən 370 gəmi!) və 460 milyon tondan artıq yük aşırılır (2018-ci ildə bu limanda 212 milyon ton maye yükü, 149 milyon ton konteyner yükü, 77,6 milyon ton quru yük və 30,4 milyon ton səpkili yük aşırılmışdır).

Avropada konteyner aşırılmasına görə 2-ci böyük liman Belçikanın Antverpen limanıdır. Həmin limanda 2017-ci ildə 10,5 milyon TEU, 2018-ci ildə isə 11 milyon TEU aşırılmışdır. Avropada konteyner aşırılmasına görə 3-cü böyük liman Almaniyanın Hamburq limanıdır (2018-ci ildə 8,7 milyon TEU).

Yaxın Şərqdə konteyner aşırılma sayına görə qabaqcıl limanlar bunlardır (2017-ci ilin məlumatları):

Dubai, Jebel Ali (BƏƏ): 15,4 milyon TEU;  Jeddah, (S.Ərəbistanı): 4,15 milyon TEU; Salalah (Oman): 3,9 milyon TEU; Port Səid (Misir): 2,97 milyon TEU; Bəndər Abbas (İran): 2,62 milyon TEU; İsgəndəriyyə (Misir): 1,6 milyon TEU.

Şimali Amerikada konteyner aşırılmasına görə qabaqcıl limanlar bunlardır (2018-ci il):  

Los Anceles, ABŞ: 9,5 milyon TEU;  Long Beach, ABŞ: 8 milyon TEU; Nyu York və Nyu Cersi, ABŞ: 7,2 milyon TEU; Savannah, ABŞ: 4,4 milyon TEU; Sea Port Alliance, ABŞ: 3,8 milyon TEU.

Konteyner aşırılmasına görə Türkiyənin ən böyük limanları (2018):  Mersin: 1,7 milyon TEU; Marport:  1,57 milyon TEU; Kumport: 1,26 milyon TEU.

Rusiya, Ukrayna və Baltikyanı ölkələrin mühüm limanları (2018):

Novorossiysk, Rusiya: 155 milyon ton yük aşırılıb; Ust-Liqa (Rusiya, Leninqrad vilayəti): 99 milyon ton yük;  Port Vostoçnıy (Rusiya, Yapon dənizi): 69,7 milyon ton; Bolşoy Port (Rusiya, S.Peterburq): 59,3 milyon ton.   Klaypeyda (Litva): 46,6 milyon ton;   Yujnıy (Ukrayna): 43 milyon ton;  Riqa (Latviya): 36,4 milyon ton;  Odessa (Ukrayna): 22 milyon ton.

Hazırlayan:

Nicat Şabanlı.