Qızılağac milli parkında balıq ovu turniri keçirilib

292

Ölkədə sivil balıq ovunun təbliği üçün növbəti həvəskar balıq ovu turniri Qızılağac Milli Parkında keçirilib.

Trend-in məlumatına görə, brakonyerliyə son qoymaq, sivil balıq ovlanması qaydalarına əməl edərək icazə verilən ərazilərdə icazə verilən alətlərlə balıq ovu qaydalarını təbliğ etmək məqsədilə keçirilən turnirdə çoxlu sayda həvəskar balıqçı iştirak edib.

Qızılağac Milli Parkının direktoru Firdovsi Məmmədov jurnalistlərə bildirib ki, milli park ərazisində həvəskar balıqçıların icazə verilən ov alətləri ilə ov etmələri üçün yerlər müəyyən olunub və lazımi şərait yaradılıb:

“Bununla biz həm də milli parka turistlərin cəlb edilməsinin, insanların asudə vaxtlarını təbiət ərazilərində səmərəli keçirmələrini təşviq edirik”.

Milli Parkın direktoru qeyd edib ki, eyni gündə parkın ərazisində həvəskar balıq ovu turniri ilə yanaşı ətrafda yaşayan sakinlərin təbiətlə sivil təmasının qurulması, ətraf mühitə diqqətin artırılması məqsədilə sakinlərin, o cümlədən məktəblilərin parkın infrastrukturu ilə, informasiya mərkəzi ilə tanışlığına da şərait yaradılıb, parkın ərazisində gəzinti təşkil edilib.