Ruhani: “İran Xəzərdə Azərbaycanla kəşfiyyat və hasilatla bağlı birgə layihələrin həyata keçirilməsində maraqlıdır”

324

“İran İslam Respublikası Azərbaycanla Xəzər dənizində neft kəşfiyyatı və hasilatı ilə bağlı birgə layihələrin həyata keçirilməsində maraqlıdır. Biz ümid edirik ki, bu məsələlər iki ölkənin müştərək komissiyalarının iclasında yaxından müzakirə olunacaq”.

“Report”un İranın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Tehranda səfərdə olan Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşündə İran Prezidenti Həsən Ruhani bildirib.

Onun sözlərinə görə, İran və Azərbaycan ümumi mədəni və tarixi köklərə malikdirlər: “Bu, Tehran və Bakı arasında münasibətlərin daha da yaxşı inkişaf etdirilməsinə inkan verir. İran və Azərbaycan münasibətlərin inkişafında inamla çox yaxşı addımlar atıblar”.

İki ölkə arasındakı əməkdaşlıqdan və razılaşmaların həyata keçirilməsindən məmnunluğunu ifadə edən İran Prezidenti ümidlə bildirib ki, Bakıda imzalanan son müqavilələr ən qısa zamanda həyata keçiriləcək: “Birgə layihələrin həyata keçirilməsindəki əməkdaşlıq, xüsusən Xudafərin körpüsü və Elektrik Stansiyası iki ölkə arasındakı əlaqələrin dərinləşməsi prosesini dəyişdirə bilər. Sərhəd bölgələrində elektrik stansiyalarının qurulması çox vacibdir. Ümid edirik ki, razılaşdırılmış Rəşt-Astara Dəmir Yolu ortaq layihəsi tezliklə həyata keçirilər”.

Ruhani iki ölkə arasında elmi və texnoloji əlaqələrin inkişafına toxunaraq bildirib ki, Tehran Bakı ilə bütün texnoloji sahələrdə əməkdaşlığa hazırdır: “Ümid edirik ki, ortaq sənaye şirkətlərinin yaradılması əlaqələri daha da dərinləşdirə bilər. Turizm və ətraf mühitin vacibliyinə gəlincə, o bildirib ki, iki ölkə arasında xüsusən də Xəzər dənizində səmərəli əməkdaşlığı var”.

Ş. Mustafayev isə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikası ilə münasibətləri möhkəmləndirməyə çox böyük əhəmiyyət verir: “İranla qarşılıqlı maraq doğuran bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsi yollarını ciddi şəkildə davam etdiririk. Biz Tehran və Bakı arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əlaqələrin və əməkdaşlığın inkişaf etdiyinin şahidiyik”.

O qeyd edib ki, 2014-cü ildən bəri iki ölkə arasında ticarətin həcmi üç dəfə artıb. Bir il əvvəlki dövrə nisbətən Azərbaycanda işləyən İran şirkətlərinin sayı 50 faiz artıb.