ADDA-da istedadların idarəolunması və peşəkar kadr hazırlığı ilə bağlı görüş keçirilib

777

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İnsan resurslarının idarəedilməsi departamentinin təşəbbüsü ilə Azərbaycan Dövlət Dəniz Akademiyası və ADDA-nın nəzdində olan Azərbaycan Dənizçilik Kollecinin IV kurs tələbələri ilə görüş keçirilib.

Görüşdə ASCO-nun İnsan Resurslarının idarəedilməsi departamentinin rəisi Sevda Məmmədova, aparıcı mütəxəssisi Yeganə Nəsibova, gənclərlə iş üzrə koordinatoru Roza Bədəlova, mütəxəssisi Gülçin Aslanova, “Dəniz Nəqliyyat Donanması”nın baş mühəndisi Şahid Orucov, “Bibiheybət” GTZ-nin sabiq baş mühəndisi Fuad Qurbanov, “Zığ GTTZ”-nin baş mühəndisi Hüseynqulu Heydərov, “Dəniz Nəqliyyat Donanması”nın rəisinin birinci müavini Elman Cavadov, “Xəzər Dəniz Neft Donanması”nın rəisinin birinci müavini Məqsəd Fərhadov iştirak ediblər.

Görüş zamanı tələbələrə işə qəbul qaydaları, istedadların idarəolunması və kadr hazırlığı haqqında geniş təqdimat keçirilib. Təqdimatda vakant yerlər haqqında məlumatların əldə edilməsi üçün ASCO-nun rəsmi internet səhifəsinin (www.asco.az) “Karyera” bölümünün mütəmadi izlənməsinin vacibliyi qeyd olunub,  eyni zamanda, vakant yerlərə müraciət zamanı namizədlərin diqqət yetirməli olduğu məqamlar,  işəqəbul müsabiqəsinin test və müsahibə mərhələlərinin keçirilmə qaydaları, Ehtiyat Kadr Bazasının formalaşdırılma prinsipi barədə ətraflı məlumat verilib. Daha sonra, sözügedən mövzularla bağlı yaranan suallar cavablandırılıb. İstər qocaman, istərsə də gənc mütəxəssislər Cəmiyyətdə gənc kadrların peşəkar hazırlığının təmin olunması istiqamətində hərtərəfli fəaliyyət göstərilməsi barədə məlumat verməklə yanaşı, özlərinin də karyera inkişafı ilə əlaqədar təcrübələri ilə bölüşdülər.  Ötən illərdən fərqli olaraq istər üzən heyət, istərsə də sahil heyətində yüksək ixtisaslı kadrların hazırlanması üçün daha geniş imkanların olduğu xüsusu ilə vurğulandı.

ASCO-nun gənc və perspektivli mütəxəssisləri “Zığ GTTZ”-nin gəmi tikintisi bölməsinin usta köməkçisi Rəhman Yolçulu və Texniki nəzarət şöbəsinin ustası (elektrik sahəsi üzrə) Elçin Abasov tələbələrə dənizçilik sahəsində qarşılarına qoyduqları məqsədlərə nail olmaq üçün hər zaman yeniliklərlə tanış olmağı və mütəmadi olaraq öz üzərilərində çalışmağı  tövsiyə etdilər.  Gəmiçilikdə çalışdıqları qısa müddət ərzində karyera inkişafına nail olan bu gənclər təşəbbüskarlığın və çalışqanlılığın yüksək qiymətləndirildiyini qeyd etdilər.

Mənbə: https://asco.az/adda-da-istedadlarin-idareolunmasi-ve-pesekar-kadr-hazirligi-ile-bagli-gorus-kecirilib/