Azərbaycan bu il qeyri-neft məhsullarını əsasən Rusiya, Türkiyə, İsveçrə, Gürcüstan və Ukraynaya ixrac edib

288

“2019-cu ildə Azərbaycan tarixində ən irimiqyaslı sosial, iqtisadi, struktur, siyasi, məhkəmə-hüquq və kadr islahatları aparılıb. Dünya Bankının “Doing Business” hesabatında 20 ən islahatçı ölkədən biri olan Azərbaycanın kredit reytinqini “Moody’s” sabit proqnozu ilə “Ba2” səviyyəsində müəyyənləşdirib, “Fitch” isə bu reytinqi təsdiqləyib. Bu il Beynəlxalq İnkişaf Assosiasiyası Azərbaycana rəsmi olaraq beynəlxalq aləmdə donor ölkə statusu verib”.

“Report” xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Yeni Azərbaycan Partiyasında keçirdiyi mətbuat konfransında deyib.

V.Qasımlının sözlərinə görə, 2019-cu ildə TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirildi: “Azərbaycanın artan təbii qaz hasilatı Cənub Qaz Dəhlizi vasitəsilə Gürcüstanın, Türkiyənin və Avropanın enerji təhlükəsizliyində rol oynayacaq. SOCAR Karbamid zavodu, “Qobu Park 2” yaşayış kompleksi, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi, Pirallahı Sənaye Parkında “Diamed Co” şpris istehsalı zavodu, DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binası, Əmlak Xidmətləri Məkanı, “Laçın” tankeri, “Azərxalça”nın filialları, Biyan Sənaye Mərkəzi və s. 2019-cu ildə istifadəyə verilən mühüm obyektlər oldu”.

“Bu ilin yanvar-noyabr ayları ərzində ölkəmizin ixracı 18,3 milyard ABŞ dolları təşkil edib və ticarət dövriyyəsində 6 milyard ABŞ dolları dəyərində müsbət saldo yaranıb”, – o bildirib.

İcraçı direktor idxal olunan məhsullarla da bağlı bəzi məlumatları çatdırıb: “Monetar qızılın idxalını çıxanda ticarət dövriyyəsinin müsbət saldosu daha böyükdür. Bu ilin ilk 11 ayında qeyri-neft sektoru üzrə ixrac 1,8 milyard ABŞ dolları təşkil edib və 16% artıb. Cari ilin yanvar-noyabr ayları ərzində qeyri-neft sektoruna aid mallar əsasən Rusiya, Türkiyə, İsveçrə, Gürcüstan və Ukraynaya ixrac olunub. Bu ilin yanvar-noyabr aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə alkoqollu və alkoqolsuz içkilərin ixracı 54%, pambıq lifinin ixracı 53%, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 52%, kimya sənayesi məhsullarının ixracı 30%, pambıq ipliyinin ixracı 28%, elektrik enerjisi ixracı 17%, şəkər ixracı 14%, alüminium və ondan hazırlanan məmulatların ixracı 11%, meyvə-tərəvəzin ixracı 9% artıb”.