“Şimal axını” gecikdi – Rusiya qarşısında qazı Azərbaycan üzərindən satmaq zərurəti yetişir

285

Təbii qaz nəqli sahəsində Avropanın cari il ərzində Rusiyadan gözləntiləri özünü tam şəkildə doğrultmayacaq. Ən azı o baxımdan ki, Rusiyanın “Şimal axını-2” qaz boru kəmərinin inşası artıq nəzərdə tutulan vaxtda həyata keçməyəcək.

Qeyd edək ki, kəmərin inşası əslində ötən ilin sonunda başa çatmalı idi. Amma ABŞ-ın və bəzi Avropa ölkələrinin mövqeyi üzündən proses ləngiyir. Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ötən ilin dekabrında bu layihəyə qarşı sanksiya qərarı qəbul edib. Bundan sonra İsveçrənin  “Allseas” boru şirkəti layihədə fəaliyyətini dayandırıb. Daha sonra isə ABŞ Senatı “Şimal axını-2” kəmərinin inşasına dəstək verən podratçılara qarşı yeni sanksiyaları özündə ehtiva edən “2020-ci il üçün Müdafiə Büdcəsi Qanunu”nu qəbul edib. Məhz bütün bunlar kəmərin nəzərdə tutulan vaxtda istismara verilməsini sual altına alıb. Məsələyə yenidən toxunan Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Angela Merkellə keçirdiyi mətbuat konfransında bildirib ki, “Şimal axını-2” nəzərdə tutulan vaxtda istismara verilməyəcək: “Rusiya “Şimal axını-2” layihəsinin tikintisini xarici tərəfdaşların iştirakı olmadan özü başa çatdıra biləcək. Yeganə sual vaxt məsələsidir”. Putin qeyd edib ki, son tarixlər dəyişdiriləcək: “Ümid edirəm ki, bu ilin sonu və ya gələn ilin birinci rübünün axırında işlər başa çatacaq və qaz kəməri fəaliyyət göstərəcək”. Almaniya kansleri isə öz növbəsində “Şimal axını-2”  layihəsinin iqtisadi layihə olduğunu vurğulayıb: “Düşünürəm ki, layihə, Amerikanın sanksiyalarına baxmayaraq, həyata keçiriləcək. Siyasi problemlərə baxmayaraq, sanksiyaların səhv bir yol olduğuna inanırıq və bu layihəni dəstəkləməyə davam edəcəyik”. Avstriyanın xarici işlər naziri Aleksander Şallenberq də “Şimal axını-2” kəmərinə sanksiyaların tətbiqini tənqid edib və bunun qəbuledilməz olduğunu bildirib. Onun sözlərinə görə, boru kəməri Avropanın enerji təminatının şaxələndirilməsinə təminat verir və Ukraynanın maraqlarına zidd deyil. ABŞ və Avropa İttifaqı ölkələrinin müştərək dəyərləri bölüşdüyünü deyən nazir bildirib: “Hazırda biz 30 il əvvəlin metodlarından istifadə edə bilmərik. Bu gün dünya çoxqütblü olub”.

Amma fakt  budur ki, sanksiyalar səbəbindən “Şimal axını-2” ləngiyir. Kremlin sözçüsü Dmitri Peskov etiraf edir ki, “Allseas” şirkətinin işləri dayandırması layihənin istifadəyə verilməsi vaxtını ertələyəcək, lakin buna mane olmayacaq: “ABŞ-ın qanunsuz sanksiyalarına görə şirkət işlərin dayandırılmasına qərar verib. Şirkətin qərarı, şübhəsiz ki, layihənin istifadəyə verilməsi vaxtını ertələyəcək, lakin prosesə mane olmayacaq. Ümid edirik ki, layihə geciksə də, istifadəyə veriləcək və bunun üçün imkanlar var”. Milli Energetika İnstitutunun baş direktoru Sergey Pravosudov da iddia edir ki, Rusiya “Şimal axını-2” qaz kəmərinin tikintisini özü başa çatdıracaq. O, həmçinin deyib ki, İsveçrənin “Allseas” şirkəti layihədə işinə qayıda bilər: “Bu baş verməsə, Rusiya Federasiyasının suyun altında boru tikintisi üçün öz gəmisi – “Akademik Çerski” var”. İndilikdə “Şimal axını-2” kəmərinin çəkilişinin dayandırılmasına baxmayaraq, “Qazprom” konserni həmin kəməri işlək vəziyyətdə saxlamaq məqsədilə onun Almaniya seqmentinə (“Şimal axını-2”nin Almaniyaya aid hissəsi “Eugal” adlanır) “Nel” xəttindən mavi yanacaq vurmağa başlayıb. “Gascade” şirkətinin mətbuat katibi Corc Vüstner bəyan edib ki,  “Eugal” formal baxımdan boş dayanmır, lakin səmərəsiz işləyir, yəni kəmərə vurulan qaz konkret istehlakçılara çatdırılmaq üçün nəzərdə tutulmur. Bu yalnız kəməri texniki baxımdan saz vəziyyətdə saxlamağa xidmət edir. Enerji təhlükəsizliyi məsələləri üzrə ekspert Alfred Herhard bildirib ki, kəmərə vurulan qazın havayı getməsi konsernə baha başa gəlir və bu vəziyyət sonsuzadək davam edə bilməz. Məhz bu vəziyyətdə kəmərə qaz vurulmasının dayandırılması da istisna olunmur. Eyni zamanda belə görünür ki, Rusiya qazını Avropaya “Şimal axını-2” ilə istədyi vaxtda çatdıra bilməyəcək. Məhz bu şəraitdə Rusiyanın Azərbaycan kəmərlərindən istifadə etməsi istisna olunmur.

Xatırladaq ki, Azərbaycan qazını Avropaya çatdıracaq “Cənub Qaz Dəhlizinin” son halqası sayılan TAP da tezliklə tamamlanacaq. Ötən ilin noyabrında isə TAP-ın Yunanıstan hissəsində sınaq məqsədilə qaz nəqlinə başlanıb. Belə ki, Yunanıstandakı Evros çayı ilə Kipoidəki kompressor stansiyası arasında boru kəmərinin 2 kilometrlik hissəsinə təbii qaz qəbul edilib. Bu, boru kəmərinin istismara verilməsi prosesinin ilkin mərhələsidir. TAP vasitəsilə ticari məqsədlə qaz nəqlinin 2020-ci ilin oktyabrında, yəni İtaliyaya qədər olan hissənin tam istifadəyə veriləcəyi və sınaqdan keçiriləcəyi vaxtda gözlənilir. İlk mərhələ istifadəyə verildikdən sonra təbii qaz tədricən boru kəmərinin Yunanıstan marşrutunun digər hissələrinə, eləcə də Albaniya və İtaliyaya mərhələli şəkildə nəql edilməyə başlanacaq. TAP konsorsiumu təbii qaz tədarükçülərinin maraqlarını ifadə etməyə imkan verəcək bazar sınaqlarına da başlayıb. Məqsəd sonrakı mərhələdə TAP-ın genişləndirilməsi imkanlarını araşdırmaqdır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur. Bundan əvvəl isə Rusiya öz qazını TANAP və daha sonra TAP vasitəsilə ixrac etməyin mümkünlüyünü bildirib. “Şimal axını-2” kəmərinin çəkilişinin dayandırılması Moskvanın bu məsələdə marağını daha da artıra bilər.