“Şəfəq-Asiman” blokunda ilk kəşfiyyat quyusunun qazılmasına başlanılıb

346

Yanvarın 13-də Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” dəniz blokunda ilk kəşfiyyat quyusunun (SAX01) qazılmasına başlanılıb.

“Report”un SOCAR-a istinadən verdiyi xəbərə görə, bu quyunun ümumi dərinliyinin 7000 metrə çatacağı, qazma işlərinin isə, təxminən, doqquz ay davam edəcəyi planlaşdırılır.

Sonra quyunun göstəriciləri təhlil ediləcək. Uğurlu olduğu təqdirdə nəticələrin təsdiqlənməsi üçün qiymətləndirmə proqramı həyata keçirilə bilər.

“Şəfəq-Asiman” bloku üzrə hasilatın pay bölgüsü haqqında sazişdə (HPBS) SOCAR və BP şirkətləri hər biri 50% olmaqla bərabər iştirak payına malikdirlər. Layihənin kəşfiyyat mərhələsinin əməliyyatçısı BP şirkətidir. Quyunun qazılmasını SOCAR-ın “Caspian Drilling Company” şirkəti həyata keçirir.
SAX01 quyusu bu müqavilə sahəsində qazılacaq ilk quyudur və onun qazılması 2011-ci ildə Milli Məclis tərəfindən təsdiqlənmiş sazişin şərtlərinə uyğundur.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, bir müddət əvvəl SOCAR tərəfdaş BP şirkəti ilə birlikdə “Şəfəq-Asiman” strukturunda seysmik kəşfiyyat işlərini uğurla başa çatdırıb: “İndi növbəti mərhələyə qədəm qoyaraq kəşfiyyat quyusunun qazılmasına başlayırıq. Kəşfiyyat qazması strukturun potensialının tam dəqiqləşməsinə imkan yaradacaq. Qürurla deyə bilərik ki, bu gün “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” və “Şəfəq-Asiman” kimi mürəkkəb layihələr çərçivəsində qazma işlərindən tutmuş dərin özüllərin inşasına kimi bütün əsas xidmətlər məhz Azərbaycan şirkətləri, SOCAR-ın müəssisələri tərəfindən həyata keçirilir. Bu da müstəqillik dövründə Azərbaycan neftçilərinin qazandığı ən mühüm nailiyyətlərdən biridir”.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qəri Counz bildirib ki, bu dəniz blokunun böyük potensialı var və kəşfiyyat işləri uğurlu olarsa, bu, irimiqyaslı qaz ehtiyatlarının kəşfi ilə nəticələnə bilər: “Şəfəq-Asiman” dəniz blokunda ilk kəşfiyyat quyusunun qazılmasına başlamaqdan çox məmnunuq və sevinirik. Qazma proqramının təhlükəsiz və etibarlı şəkildə həyata keçirilməsini təmin etmək üçün böyük hazırlıq işləri aparılıb. Bunun üçün ixtisaslaşmış və yüksək motivasiyalı komanda çalışacaq və təzyiqi idarə etməklə qazma imkanlarına malik olan qazma qurğusundan istifadə edəcəyik”.

Qeyd edək ki, SAX01 quyusunun qazma işləri SOCAR-ın “Caspian Drilling Company” (CDC) tərəfindən idarə olunan Heydər Əliyev adına yarımdalma qazma qurğusu vasitəsilə həyata keçirilir. Bu qurğu 2019-cu ilin noyabr ayında SAX01 quyusu üçün müqavilə əsasında götürülüb və qazma əməliyyatlarının başlanmasına hazırlıq aparmaq üçün quyu sahəsinə göndərilib.

Xatırladaq ki, “Şəfəq-Asiman” dəniz blokunun birgə kəşfiyyatı və işlənməsi üçün HPBS SOCAR və BP arasında 2010-cu ilin oktyabrında Bakıda imzalanıb. Bakıdan cənub-şərq istiqamətində, təxminən, 125 kilometrlik (78 mil) məsafədə yerləşən bu dəniz bloku, təqribən, 1100 kvadrat kilometr sahəni əhatə edir və həmin sahədə dənizin dərinliyi 650-800 metr təşkil edir.

Bu dəniz bloku “Şahdəniz” yatağından 60 km, Səngəçal terminalından isə 145 km aralı yerləşir.

2012-ci ildə bu müqavilə sahəsində üçölçülü seysmik tədqiqat proqramı həyata keçirilib.

Seysmik məlumatların interpretasiyası 2015-ci ildə tamamlanıb, daha sonra ilk quyunun yeri seçilib və qazma fəaliyyətləri planlaşdırılıb.