Azərbaycanın tranzit imkanlarına beynəlxalq maraq artır

267

Proseslərin inkişaf axarı göstərir ki, qarşıdakı dövr ərzində Azərbaycanın iştirakçısı olduğu nəqliyyat dəhlizləri ölkəyə böyük miqdarda vəsait qazandıracaq. Çünki hər keçən il bu dəhlizlər üzərindən daşınan yüklərin miqdarı əhəmiyyətli dərəcədə artır. Məhz belə bir vaxtda diqqət çəkən məqamlardan biri budur ki, Çinin “Bir kəmər, bir yol” strategiyasının əhatə etdiyi tərəfdaş ölkələrlə ticarət dövriyyəsinin ümumi məbləği ötən il 1,3 trilyon dollara çatıb.

Çin Baş Gömrük Administrasiyası bildirir ki, “Bir kəmər, bir yol” ölkələri ilə ötənilki ticarət dövriyyəsi 2018-ci illə müqayisədə 10,8 faiz artıb. Statistikaya əsasən, Çinin 2014-2019-cu illər üzrə “Bir kəmər, bir yol” ölkələri ilə ticarəti 6,4 trilyon dollardan çox olub. Çin strategiya üzrə 25 tərəfdaş ölkənin ən böyük ticarət tərəfdaşıdır. Qeyd edək ki, Azərbaycan Çin rəhbəri Si Tzinpinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olmaqla yanaşı, onun icrasında özünün əlverişli coğrafi mövqeyi, iqtisadi və nəqliyyat-logistika potensialı ilə vacib rol oynayır. Bu təşəbbüs, eyni zamanda, iki ölkə arasında tərəfdaşlığın möhkəmləndirilməsinə töhfə verir, müxtəlif sahələrdə yeni əməkdaşlıq imkanları yaradır. Coğrafi-iqtisadi baxımdan əvəzolunmaz üstünlükləri olan bu dəhliz “Bir kəmər, bir yol”un icrası baxımından böyük əhəmiyyət daşıyır. Ötən ilin nəticələrinə əsasən, Azərbaycanla Çinin ticarət dövriyyəsi 2 dəfə artıb. Eyni zamanda, Azərbaycan üzərindən daşınan yüklərin də miqdarı əhəmiyyətli dərəcədə çoxalıb. Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Xəzər Həftəsi: Qlobal İdeyalar Platforması”nın açılışı zamanı bu məsələyə toxunan Xəzər Həftəsi Təşkilat Komitəsinin sədri Murat Seitnepesov qeyd edir: “Azərbaycandan keçən nəqliyyat dəhlizləri regionun ən əhəmiyyətli dəhlizləridir”. O bildirib ki,  “Xəzər Həftəsi: Qlobal İdeyalar Platforması” İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu çərçivəsində artıq 4-cü ildir keçirilir: “Bu il platformamızda əsasən Böyük Xəzər regionunda nəqliyyat dəhlizləri müzakirə ediləcək. Bu məsələdə Azərbaycan və Gürcüstanın rolu olduqca böyükdür. İki dəhliz Azərbaycan və Gürcüstandan keçir ki, bunlar dünya bazarına Böyük Xəzər regionundan və eyni zamanda dünya bazarından bu regiona yüklərin nəqlini həyata keçirmək potensialı olan əsas dəhlizlərdir. Bu il platformamızda müzakirə olunacaq əsas mövzulardan biri də Trans-Xəzər qaz kəməridir. Platformada Azərbaycan, Amerika Birləşmiş Ştatları, Rusiya və digər ölkələrdən gələn ekspertlər iştirak edəcək. Onlar qeyri-rəsmi formada keçirilən müzakirələrdə öz rəy və fikirlərini, tövsiyə və təkliflərini verəcəklər”.

Murat Seitnepesov Böyük Xəzər regionunun dünya iqtisadiyyatının inkişafında aparıcı rol oynayan ərazi olduğunu bildirib: “Böyük Xəzər regionu yalnız beş Xəzəryanı ölkəni əhatə etmir. Bura Xəzər və Qara dəniz ətrafında yerləşən ölkələr, Çindən başlayaraq Əfqanıstan, Pakistan, Türkiyə də daxildir. Bu region 500 milyon insanı, 5 milyon kvadrat kilometr ərazini əhatə edir. Bu regionun iqtisadi əhəmiyyəti olduqca böyükdür. Böyük Xəzər regionu dünyada iqtisadi inkişaf naminə vacib nöqtələrdən biridir ki, belə nöqtələr heç də çox deyil. Biz inanırıq ki, bu region istər iqtisadi, istərsə də digər sahələri əhatə edən böyük potensiala malikdir”. Ekspertin dediklərini rəqəmlər də təsdiq edir. Belə ki, ötən il Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi təxminən milyon ton olub. Dəhliz vasitəsilə daşınmış yüklərin 15,4 faizini və ya 6,6 milyon tonunu tranzit yüklər təşkil edib. Bu isə yükdaşımalardan Azərbaycanın daha çox gəlir əldə etməsi ilə müşayiət olunub. “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə də yükdaşımaların həcmində böyük artım qeydə alınır. 

Xatırladaq ki, “Şimal-Cənub” dəhlizinin əsas məqsədi, ilk növbədə, Hindistandan başlayaraq Rusiya, Şimali və Qərbi Avropa, eləcə də Körfəz ölkələrinə daşınan yüklərin çatdırılma müddətini azaltmaq, daşıma qiymətlərini ucuzlaşdırmaq və dəhlizin funksionallığını artırmaqdır. Dəhliz bir neçə əsas istiqamət: Hindistan-Rusiya-Qafqaz-Körfəz ölkələri; Mərkəzi Asiya-Körfəz ölkələri; Xəzər dənizi-İran-Körfəz ölkələri və sair üzrə yükdaşıma fəaliyyətini nəzərdə tutur. Bu istiqamətlər içərisində Azərbaycan üçün ən maraqlı istiqamət yüklərin gəmilərlə Hindistanın Mumbay limanından İranın Bəndər-Abbas limanına gətirilməsi, sonra qatar və avtomobillərlə İranın mövcud dəmir və avtomobil yolları ilə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir və avtomobil yollarına ötürülməsi və buradan da Azərbaycan vasitəsilə Rusiyaya, Şimali Avropa ölkələrinə çatdırılmasıdır. Son bir il ərzində bu istiqamətdə Azərbaycan üzərindən daşınan yüklərin miqdarı 2 dəfədən çox artıb. Bu isə yükdaşımalardan Azərbaycanın daha çox vəsait əldə etməsi ilə müşayiət olunur.