Gözlənilən güclü külək Azərbaycanın ərazi sularında gəmilərin hərəkəti üçün təhlükə yaratmayacaq

278

Havanın kəskin dəyişməsi Azərbaycanın ərazi sularında gəmilərin hərəkəti üçün heç bir təhlükə yaratmayacaq, limanlar açıqdır, gəmilərin giriş–çıxışına məhdudiyyət qoyulmayıb.

Bu barədə AZƏRTAC-a Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov məlumat verib.

O qeyd edib ki, Xəzər Dəniz Akvatoriyasında yanvarın 23–də gündüz saniyədə 18-23 metr sürətlə cənub-qərb və qərb küləyi əsəcək. Küləyin sürəti arabir 25-28 metr/saniyəyədək güclənəcək. Axşam isə şimal-qərb küləyi ilə əvəzlənəcək. Dənizdə dalğanın hündürlüyü 3–5 metrə çatacaq.

Dövlət Dəniz Agentliyinin müasir avadanlıqlarla təchiz olunan Milli Mərkəzi təcrübəli kapitanlar tərəfindən idarə olunur. Dövlət Dəniz Agentliyinin rəhbərliyi Mərkəzlə daim əlaqə saxlayır və gəmilərin hərəkətinin təhlükəsizliyinin təminatı diqqətdə saxlanılır. Mövcud texniki vasitələrlə müşahidənin gücləndirilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir.

Məlumatda bildirilir ki, Xəzəryanı dövlətlər arasında yalnız Azərbaycanda fəaliyyət göstərən Milli Mərkəzdə quraşdırılan müasir avadanlıqlar vasitəsilə Xəzər dənizi daxil olmaqla dünya okeanlarının hər hansı bir koordinatlarında hərəkətdə olan gəmilər də mütəmadi müşahidə oluna bilir.

Milli Mərkəz tərəfindən, eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi növbə xidmətləri, Xəzər Dəniz Gəmiçiliyinin müvafiq növbətçi xidməti, Dövlət Neft və BP Şirkətinin müvafiq qurumları ilə mütəmadi qarşılıqlı məlumat mübadiləsi həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır