“Nobel Oil Services” şirkəti Qazaxıstanda ilk qazma müqaviləsini imzalayıb

497

“Nobel Oil Services” şirkəti Qazaxstanda qazma işlərinə aid ilk müqaviləsini “Evrika Oleum” şirkəti ilə imzalayıb.

Şirkətdən “Report”a verilən məlumata görə, müqavilə çərçivəsində “Nobel Oil Services” “Evrika Oleum” şirkətinin neft yataqlarının birində quyuların qazılması layihəsi üzrə idarəetmə xidmətlərini göstərəcək.

Müqavilə 3.100 metr dərinliyə qədər maili neft quyusunun qazılmasına nəzarət xidmətlərini nəzərdə tutur.

“Nobel Oil Services” şirkətinin qazma işləri üzrə baş direktoru Samir Mollayev bildirib ki, “Evrika Oleum” şirkəti ilə imzalanan müqavilə ölkədə ehtiyac duyulan bilik, bacarıq və səriştəni təmin etmək baxımından gözəl fürsətdir: “Nobel Oil Services” Xəzər regionunda neft-qaz sənayesinə kompleks xidmətlərin göstərilməsi istiqamətində özünü artıq təsdiq etmiş bir şirkətdir. Qazaxstanda müqavilənin imzalanması şirkəti beynəlxalq səviyyəli müəssisəyə çevirmək məqsədi ilə qrupun yürütdüyü strategiyanın tərkib hissəsidir. Bu həm də qrupun Qazaxstanda qazma işləri layihələrinin idarə edilməsi istiqamətində atılmış ilk addımlardan biridir və şirkət öz portfelini genişləndirmək üçün tələb olunan bütün bilik və təcrübəyə malikdir”.

Qeyd edək ki, “Nobel Oil Services” neft-qaz sahəsində ixtisaslaşan çoxşaxəli şirkətlər qrupudur. Şirkətlər qrupuna daxil olan müəssisələr qazma, tikinti və layihələrin idarə edilməsi, eləcə də avadanlığa texniki xidmət, təchizat və layların neftverimliliyinin artırılması xidmətlərini göstərir.