Təlim Tədris Mərkəzində keçirilən təlimlərin siyahısı genişləndirilib

400

Ötən il “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının tərkibində fəaliyyət göstərən Təlim Tədris Mərkəzində (TTM)  dənizçilərin sertifikatlaşdırılması üçün təlimlərin keçirilməsi, onların təcrübi məşğələləri və qiymətləndirilməsi xidmətləri davam etdirilib.

2019-cu ildə Təlim Tədris Mərkəzində keçirilən təlimlərin sayı artırılıb. Belə ki, siyahıya 5 yeni təlim əlavə olunaraq 41-ə çatdırılıb. Onların hər biri beynəlxalq statuslu olub.

Ötən il təlimdə iştirak edən yerli dənizçilərin sayında azalma qeydə alınıb. Belə ki, ASCO dənizçilərinin böyük hissəsi TTM-nin fəaliyyət göstərdiyi 5 il müddətində artıq lazımi sertifikatlarla təmin edilib. Lakin bu il dinləyicilərin sayının artması nəzərdə tutulur. Çünki, hər bir sertifikat beş il qüvvədə qalır. Bu müddətdə xarici dənizçilərin Təlim Tədris Mərkəzinin xidmətlərindən istifadəsi isə genişlənib.  Dinləyicilərin əksəriyyətini İran, Türkiyə, Qazaxıstan kimi qonşu ölkələrdən olan dənizçilər təşkil edib. Təlimlər iştirakçıların aid olduğu ölkələrdən asılı olaraq rus və ingilis dillərində keçirilib.

Əvvəlki illərdə olduğu kimi TTM əməkdaşlarının keçən il də beynəlxalq təlimlərdə iştirakı təmin olunub. İl ərzində təlimatçılar xüsusi beynəlxalq SEAGULL təlimlərinə cəlb ediliblər.  Bu, onlara gələcəkdə həmin təlimləri TTM-də tədris etməyə imkan verir.

Təlim Mərkəzinin 2020-ci il üçün də ciddi planları və hədəfləri var. Bu il beynəlxalq təlimlərin və xarici dildə keçirilən seminarların sayının artırılması nəzərdə tutulur.

Təlim Tədris Mərkəzində Dənizçilərin Sertifikatlaşdırılması üçün təlimlərin keçirilməsi, onların praktik məşqləri və  qiymətləndirilməsi xidmətləri göstərilir. Mərkəz 2014-cü ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyevin əmri ilə yaradılıb. Mərkəz ən son model trenajor və dənizçilik avadanlıqları ilə təchiz edilib. Burada müasir ixtisaslaşmış hovuz da fəaliyyət göstərir. Hovuzda yerli və xarici mütəxəssislər üçün (dənizçilər) birbaşa suda sağ qalma və üzmə, qəzaya uğramış helikopterlərdən təxliyə, növbətçi sal və qayıqlardan istifadə qaydaları kimi praktik məşğələlər keçirilir.

Mənbə: https://asco.az/telim-tedris-merkezinde-kecirilen-telimlerin-siyahisi-genislendirilib/