Baş direktor Taleh Ziyadov CEO Lunch-da iştirak edib

422

Bakı Limanının Baş direktoru Taleh Ziyadov “Caspian European Club”-ın təşkil etdiyi СEO Lunch-ın qonağı olub

Fevral ayının 12-də ənənəvi keçirilən CEO Lunch tədbirinin qonağı “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin (Bakı Limanı) Baş direktoru Taleh Ziyadov olub. 100-ə yaxın yerli və xarici qonaqların, diplomatik nümayəndələrin qatıldığı tədbirdə çıxış edən Baş direktor qeyd edib ki, 2019-cu il liman üçün uğurlu bir il olub və bir neçə əlamətdar hadisə ilə yadda qalıb. İlk olaraq, 2019-cu ildə təkərli texnika və konteyner aşırılması üzrə son 28 ilin rekord göstəricisi qeydə alınıb.

Belə ki, yükaşırmanın həcmi 2018-ci ilə (3787,8 min ton) nisbətən 7,2% artaraq 4061.6 min ton olub. 2019-cu ildə 35 152 TEU konteyner aşırılıb ki, bu da öz növbəsində 2018-ci il ilə müqayisədə 54% artım deməkdir (2018-ci ildə isə bu rəqəm 22 887 TEU təşkil edib). TIR-lar da daxil olmaqla, təkərli texnikanın aşırılmasında 57% artım qeydə alınıb və 33 671 təkərli texnika aşırılıb.

2019-cu il oktyabrın 16-da Bakı Limanı Avropa Dəniz Limanları Təşkilatının (European Sea Ports Organization – ESPO) PERS – “EcoPorts” sertifikatına layiq görülüb. Bununla da Bakı Limanı Xəzər dənizi bölgəsində PERS – “EcoPorts” sertifikatını alan ilk liman olub. Baş direktor Taleh Ziyadov qeyd edib ki, “Bakı Limanı üçün “EcoPort” olmaq yaşıllığa və davamlı gələcəyə həqiqi inam təcəssüm etdirir. Bakı Limanının adı çəkilən sertifikatı alması liman əməkdaşları və Avropa tərəfdaşları tərəfindən son üç ildə aparılan məqsədyönlü işin nəticəsidir”.

Taleh Ziyadov mühüm hadisə kimi 2019-cu il noyabrın 26-da Avstriyanın “ÖBB Rail Cargo Group”-u və Niderlandın “Cabooter Group”-u ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Middle Corridor- Orta Dəhliz) vasitəsilə Avropadan Orta Asiyaya və Çinə yük daşımalarının gücləndirilməsi və genişləndirilməsi məqsədi ilə sazişin imzalanması hadisəsinə diqqəti cəlb edib. Baş direktorun sözlərinə görə, bu saziş Qərbdən Şərqə doğru Avropanın ən mühüm nəqliyyat qovşaqlarından olan Niderlandın Venlo şəhərindən və Almaniyadan Türkiyəyə (İstanbul), Azərbaycana (Bakı), Orta Asiyaya və daha sonra isə Çinə qədər uzanacaq nəqliyyat dəhlizinin genişləndirilməsində mühüm mərhələ olacaqdır.

Bu ilin mühüm gözləntisi kimi isə mart ayından etibarən Bakı Limanı ərazisində “gömrük və müvəqqəti saxlanc anbarı”nın işə düşməsini qeyd etmək olar. Bu yenilik yükdaşıma həcminin artmasına, yerli və xarici şirkətlərin əməliyyat imkanlarının genişlənməsinə xidmət edəcəkdir.

Çıxışının sonunda Baş direktor tədbir iştirakçılarının suallarını cavablandırıb.