Ötən il balıqartırma müəssisələri təbii su hövzələrinə və anbarlarına 131,7 milyon balıq körpəsi buraxıblar

282

Su hövzələrində balıq ehtiyatlarının süni yolla artırılması və bərpası, müxtəlif balıq növlərinin yetişdirilməsi, eləcə də onların mühafizəsi əhalinin ərzaq məhsulları ilə davamlı və dayanıqlı təminatına yönəlmiş tədbirlərdəndir.

Ötən il ölkədə vətəgə sahələrində balıqların artırılması və mühafizəsi işlərinin yerinə yetirilməsinə 2268,3 min manat vəsait sərf olunub. Həmin vəsaitin 89,7 faizi süni balıqartırma müəssisələrinin fəaliyyətinə, 10,3 faizi isə balıqçılıq təsərrüfatları üzrə meliorasiya tədbirlərinin həyata keçirilməsi işlərinə xərclənib.

Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Həmçinin bildirilib ki, ötən il balıqartırma müəssisələri tərəfindən təbii su hövzələrinə və anbarlarına buraxılan 131,7 milyon balıq körpəsinin 127,8 milyonu bitki ilə qidalanan balıq körpələrinin, 3,4 milyonu çəkikimi balıq körpələrinin, 0,3 milyonu nərəkimi balıq körpələrinin və 0,2 milyonu qızılbalıq körpələrinin payına düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır