Virusa görə Çin və İrandan idxalın azalması Azərbaycan bazarında fəsad törədə bilmədi – yerli istehsalımızın gücü və 2 milyardlıq idxalın cəmi 45 milyonu…

261

Dünya üçün yeni təhdid mənbəyi sayılan koronavirus artıq qlobal iqtisadiyyata da öz təsirini göstərməyə başlayır. Ekspertlər bildirir ki, vəziyyət indiki templə davam edərsə, yaxın tezlikdə dünya ticarəti ciddi zərbələr alacaq. Artıq indidən bu proses özünü göstərir və xüsusən ölkələrarası ticarət səviyyəsi sürətlə aşağı düşür. Koronavirusun yayılmaqda davam etməsi isə ölkələrarası ticarəti hələ yaxşı heç nə gözləmədiyini deməyə əsas verir.

Dünyanın bir parçası kimi, baş verənlər ölkəmizə də təsirsiz ötüşmür. Məsələn, artıq bəllidir ki, Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Çinlə məhz koronavirus üzündən ticarət həcmi fevraldan etibarən azalmağa doğru gedir. Digər qonşumuz İranla da münasibətdə eyni hal müşahidə olunur. Yeri gəlmişkən xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və digər dövlətlərin təcrübələrini nəzərə alaraq, koronavirus risqinin yayılması ilə əlaqədar 2020-ci il fevralın 29-dan Azərbaycan və İran arasında dövlət sərhədlərinin iki həftəlik məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar qəbul olunub. Yaranmış vəziyyət Bakı tərəfindən İranın aidiyyəti dövlət qurumları ilə müzakirə olunub və Azərbaycanın bu qərarı barədə Tehrana məlumat verilib. Bildirilir ki, Tehranla əlaqələndirilmiş şəkildə Azərbaycan ərazisində olan İran vətəndaşlarının ölkədən çıxması, İran ərazisində olan Azərbaycan vətəndaşlarının müvafiq rejim tətbiq olunmaqla ölkəyə gəlməsini təşkil etmək üçün zəruri dəhliz təmin olunur. Bundan başqa, İranda müşahidə olunan koronavirus epidemiyasına qarşı gömrük-sərhəd buraxılış məntəqələrində həyata keçirilən qabaqlayıcı tədbirlərin gücləndirilməsi, bu xəstəliyə yoluxmalarına şübhə yaranan şəxslərin vaxtında aşkarlanması və tibbi təxliyəsi üzrə Dövlət Gömrük Komitəsi tərəfindən müvafiq işlər, o cümlədən lazımi sanitar-profilaktik və dezinfeksiya tədbirləri həyata keçirilir.

İndi maraq doğuran məqamlardan biri Çin, İran kimi ölkələrdən məhsul idxalının dayanmasının Azərbaycana hansı formada təsir göstərəcəyidir. Xatırladaq ki, Çindən Azərbaycana müxtəlif adda və növdə məhsul gətirilir. Bura geyimdən tutmuş məişət avadanlıqları, elektrotexnika və digərləri daxildir. Həmin məhsullar nisbətən ucuz olması ilə seçilir. Onların  idxalının dayanması ilk növbədə qiymətlərə təsir edəcək. Amma belə vəziyyətdə yerli məhsullara, xüsusən də geyimə tələbin artması da gözlənir. İrandan isə Azərbaycana daha çox qida məhsulları ixdal olunur.  Düzdür, hazırda İrandan ölkəmizə gətirilən kənd təsərrüfatı və ərzaq məhsullarına qadağa qoyulmayıb. Amma koronavirus təhdidi böyüyərsə, belə qadağaların olması qaçılmaz sayılır. Lakin bu halda həmin məhsullara tələbin daha çox yerli istehsal hesabına təmin edilməsi proqnozlpaşdırılır. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə xatırladır ki, 2019-cu ildə Azərbaycan İrandan 45 milyon dollarlıq kənd təsərrüfatı və ərzaq məhsulları idxal edib: “Nəzərə alaq ki, 2019-cu ildə Azərbaycanın ümumi kənd təsərrüfatı və ərzaq məhsulları idxalı 1,9 milyard dollar olub və bunun da cəmi 45 milyon dolları İranın payına düşür. Ötən il İrandan ölkəmizə gələn məhsulların əsas hissəsini, yəni  30 faizini kartof təşkil edib. İdxalın 9 faizini xurma, 6 faizini peçenyelər, 6 faizini şəkərdən hazırlanan digər qənnadı məmulatları, 5 faizini təzə və ya qurudulmuş portağal və sair təşkil edib. İrandan idxala hər hansı bir məhdudiyyət qoyulsa, bunun bizim kənd təsərrüfatı və ərzaq bazarına ciddi təsirinin olacağını düşünmürük. Çünki ötən il İrandan bizə cəmi 54 min ton kartof gətirilib. Onu da nəzərə almaq lazımdır ki, artıq yaz mövsümündən başlayaraq bizim öz yerli kartofumuz çıxır. İndi İrandan bizə hətta kartof gəlməsə belə, bu, bazarda hər hansı bir qeyri-müəyyənlik yaratmayacaq. Çünki onsuz da bizdə bu mövsüm kartof idxalının olmadığı dövrdür. Bir də növbəti ilin qışında İrandan 40-50 min ton kartof idxalı ola bilər. İrandan ağırlıqlı olaraq bizim idxal kartofla bağlıdır. Artıq kartofun da idxal mövsümü başa çatıb, yəni nə qədər idxal edilibsə, olub, başa çatıb. İrandan kartof bir müddət gəlməsə belə, problem olmayacaq. 45 milyon dollarlıq idxalın ümumi 1,9 milyardlıq idxalın müqabilində elə də ciddi təsirinin olacağını gözləmirəm”.

Digər tərəfdən ekspertlər hesab edir ki, yerli istehsalın artımı İrandan idxalı artıq tam əvəzləmək gücündədir. Elə  daxili bazarı yerli məhsullarla təmin etmək də, əslində hökumət üçün prioritet sayılır. Lakin onu da nəzərə almaq lazımdır ki, koronavirus xaricdə, məsələn, Rusiyada Azərbaycan məhsullarına tələbi artırıb. Hesab edilir ki, bu şəraitdə yerli məhsulların xaricə ixracı artsa, bu artıq daxili bazarda qiymətlərdə mütləq mənada özünü göstərəcək. Əslində, bir sıra aqrar məhsulların, məsələn, pomidorun, xiyarın qiymətində son günlərdə qeydə alınan bahalaşma onların daha çox həcmdə Rusiyaya ixracı ilə bağlıdır. Hesab edilir ki, artıq bu məsələyə inzibati formada müdaxilə vacibdir. Əks təqdirdə, daxili bazar qiymət yüksəlişi sarıdan müəyyən problemlər yaşaya bilər.