Xarici şirkət “Muradxanlı” blokunda neft çıxarmaqdan imtina etdi

674

Kanadanın “Zenith Energy Ltd.” şirkəti Azərbaycanda fəaliyyətini geoloji-kəşfiyyat işləri ilə məhdudlaşdıraraq Muradxanlı-Cəfərli-Zərdab müqavilə blokunun reabilitasiya zonasını SOCAR-a qaytarmağı planlaşdırır. Bu barədə Kanada şirkətinin məlumatında deyilir.

““Zenith Energy Ltd.” Afrikada neft ehtiyatlarının hasilatı və işlənməsi üçün geniş imkanların reallaşdırılması üzrə strateji oriyentasiyası ilə əlaqədar Muradxanlı-Cəfərli-Zərdab müqavilə blokunun reabilitasiya zonasını (Contract Rehabilitation Area, CRA) SOCAR-a geri qaytarmağı və Azərbaycanda fəaliyyətini mövcud müqavilə çərçivəsində yalnız geoloji-kəşfiyyat işlərinə yönəltməyi planlaşdırır”, – deyə məlumatda bildirilir.

“Zenith Energy Ltd.”nin məlumatına görə, şirkət tezliklə CRA-nın təhvil verilməsi prosesi ilə bağlı qərar qəbul edəcək və bu proses başa çatana qədər Azərbaycanda neft hasilatı üzrə fəaliyyətini davam etdirəcək.

“Şirkət CRA-nın təhvil verilməsi prosesi başa çatdıqdan sonra Azərbaycanda əməliyyat xərclərinin demək olar ki, tamamilə azaldılmasına nail olmağı nəzərdə tutur. Bundan əlavə, şirkətin yerli filialı hasil edilən neftin satışından təxminən 700 min dollar borcludur və “Zenith” bu məbləği yaxın gələcəkdə almağı gözləyir”, deyə məlumatda bildirilir.

“Zenith Enerji Ltd” reabilitasiya zonasından imtina edilməsini nəzərə alaraq, Cəfərli yatağındakı C-37 və C-30 quyularında əvvəlcədən planlaşdırılan əməliyyatları davam etdirməyəcək, bu isə “sərbəst pul vəsaitlərini artırmağa imkan verəcək”.

CRA-nın təhvil verilməsi başa çatdıqdan sonra şirkətin Azərbaycanda yeganə əməliyyat fəaliyyəti geoloji kəşfiyyat işlərinin aparılması ilə bağlı olacaq.

“Biz Azərbaycanda PSA tipli müqavilə çərçivəsində geoloji kəşfiyyatla əlaqəli 25 illik proqramımızı davam etdirəcəyik. Bu araşdırmalar 2020-ci ildə və bəlkə də növbəti dövrdə də aparılacaq”, – deyə “Zenith Energy Ltd.” şirkətinin baş direktoru Andrea Kattaneo qeyd edib.

“Hazırda Afrikada həyata keçirdiyimiz neft hasilatı və gəlir əldə etmək imkanları şirkətin maliyyə resurslarının istifadəsini optimallaşdırmaq üçün fəaliyyətimizin strateji təhlilini tələb edir. “Zenith Energy Ltd.” Azərbaycanda neft hasilatında əhəmiyyətli artıma nail olmaq üçün böyük maliyyə və texniki resurslar yönəldib. Lakin nəticələr bir sıra səbəblərə, o cümlədən yatağın mürəkkəb geoloji quruluşuna, mövcud quyuların bir çoxunun pis vəziyyətdə olmasına və quyular haqqında tarixi məlumatların qeyri-dəqiqliyinə görə gözləntiləri doğrultmayıb”, – deyə məlumatda vurğulanır.

2016-cı il martın 16-da SOCAR və “Zenith Aran Oil Company Limited” şirkətləri arasında “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb.

Saziş 25 il müddətində qüvvədə olacaq. Sazişdə “Zenith” şirkəti 80 faizlik, SOCAR isə 20 faizlik iştirak payına malikdir. “Muradxanlı”, “Cəfərli” və “Zərdab” yataqları ümumilikdə 642,4 kvadrat kilometr ərazini əhatə edir.

“Muradxanlı-Cəfərli-Zərdab” neft yataqları bloku İmişli rayonu ərazisində yerləşir. “Muradxanlı” yatağı 1971-ci ildə, “Cəfərli” yatağı 1984-cü ildə, “Zərdab” yatağı 1981-ci ildə kəşf edilib.

Blokun çıxarıla bilən qalıq neft ehtiyatları 1,8 mln. ton, qalıq qaz ehtiyatları 36 mln. kubmetr həcmində qiymətləndirilir. Hazırda blok üzrə istismar fondunda 77 quyu var