EIA Azərbaycanın neft hasilatı üzrə proqnozunu artırıb

286

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) Azərbaycanda 2020-2021-ci illərdə gündəlik neft hasilatı üzrə proqnozunu dəyişib.

“APA-Ecocomics”in EIA-ya istinadən verdiyi məlumata görə, bu il Azərbaycanda orta gündəlik neft hasilatı 770 min barel səviyyəsində olacaq ki, bu da öncəki proqnozdan 10 min barel çoxdur.

Məlumata görə, gələn il Azərbaycanda gündəlik neft hasilatı 750 min barel təşkil edəcək (fevral ayı üçün verilən proqnoza görə, bu göstərici 740 min barel təşkil etməli idi ).

Qeyd edək ki, 2019-cu ilin 6 dekabrında OPEC və qeyri-OPEC Nazirlərinin VII Görüşündə OPEC+ üzrə gündəlik neft hasilatının əlavə olaraq 500 min barel azaldılması barədə qərar qəbul edilib. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 7 min barel artırılaraq 27 min barel müəyyən edilib. 2020-ci ilin birinci rübünün sonunadək Azərbaycan gündəlik neft hasilatını 769 min barel həcmində saxlamalıdır.

Xatırladaq ki, martın 6-da “OPEC+” (Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələrinin Vyanada keçirilən rəsmi iclası zamanı aparılan danışıqlar uğursuzluqla nəticələnib. Rusiya və bir sıra qeyri-OPEC ölkələri koronavirusla əlaqəli vəziyyətə cavab olaraq gündəlik neft hasilatını bir qədər də (1,5 mln. barel) azaltmaq təklifini qəbul etməyib. Hazırkı razılaşmanı sadəcə cari ilin II rübünün sonunadək uzatmağın mümkün olduğunu bildirib. Nəticədə, aprelin 1-dən əvvəlki alyans üzvlərindən heç biri hasilatı məhdudlaşdırmaq öhdəliyini daşımır və Səudiyyə Ərəbistanı, mediada yayılan məlumatlara görə, hasilatı artırmaq və neftin qiymətini aşağı salmaq niyyətində olduğunu açıqlayıb.