“Caspian European Club” onlayn rejimdə fəaliyyət göstərəcək

234

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri ilə bağlı “Caspian European Club” ölkənin ali rəhbərliyinə təkliflər paketinin hazırlanması üzrə bütün müzakirələri onlayn rejimdə aparacaq. Bütün sahə və sahələrarası komitələrin və işçi qrupların işi də onlayn rejimə keçirilib.

Bu barədə AZƏRTAC-a “Caspian European Club”un sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

“Caspian European Club” koronavirus (COVID-19) epidemiyasının yayılmasının qarşısının alınması üzrə Azərbaycan Hökumətinin və regionun qonşu ölkələrinin həyata keçirdiyi tədbirləri tam dəstəkləyir. Hazırda biz bu cür fors-major hallarına qarşı daha həssas olan kiçik və orta biznesə dəstək, həmçinin vergi ödəmələrinə möhlət verilməsi və güzəştli kreditlərin ödəniş vaxtının uzadılması ilə bağlı bir sıra təkliflər hazırlayırıq. Bu və digər məsələlərdə dəstəyə və vəziyyətin anlayışla qarşılanmasına ümid edir, biznes nümayəndələrini narahat edən bütün sualları istənilən platformada müzakirə etməyə hazırıq”, – deyə T.Əliyev qeyd edib.

“Caspian European Club”un fəaliyyəti birbaşa və ya dolayısı ilə biznes subyektləri ilə əlaqədar olan bütün dövlət qurumları ilə birgə işçi qrupları var. İşçi qrupların fəaliyyəti “Caspian European Club” idarə heyəti, Xəzər-Qara dəniz və Baltik regionunun aparıcı şirkətlərinin top-menecerlərinin başçılıq etdikləri sahə və sahələrarası komitələrin rəhbərləri tərəfindən nizamlanır.

Sıralarında dünyanın 50 ölkəsindən olan 5 mindən çox şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda yaradılıb. Klubun mənzil-qərargahı Bakıda yerləşir. “Caspian European Club”un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ, Almaniya, Polşa, Çexiya, Özbəkistan və Latviyada səlahiyyətli nümayəndələri var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır