Rauf Vəliyevdən koronavirus çağırışı: “Karantin rejiminə riayət edin”

259

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev qurumun əməkdaşlarını koronavirusa qarşı ölkədə həyata keçirilən tədbirlərə dəstək verməyə çağırıb. 

ASCO sədri bildirib ki, hazırda vətəndaşların sağlamlığı və təhlükəsizliyi məqsədilə Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən bir sıra vacib qərarlar qəbul olunub. 

Bu qərarlara uyğun olaraq, ASCO-da qərargah və effektiv əlaqələndirmənin təşkili üçün “Qaynar xətt” (050 274 30 82) əlaqə mərkəzi yaradılıb. O cümlədən, mütəmadi olaraq inzibati binalarda, istehsalat sahələrində, körpülərdə və gəmilərdə dezinfeksiya işləri həyata keçirilir. 

“Bundan başqa, ASCO-da işin ahənginin pozulmaması üçün fəaliyyətin təşkilində də yeni yanaşmalardan istifadə olunur. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin aparat və struktur müəssisə və təşkilatları üzrə istehsalat zəruriyyəti ilə əlaqədar, məhdud sayda əməkdaşın işə çıxmasına icazə verilib. 

Onlar növbəli rejimdə və ən əsası maksimum təhlükəsiz şəraitdə fəaliyyət göstərirlər. İş sahələrinə gəlmələri qadağan olunan əməkdaşlar isə fəaliyyətlərini “işlərin evdən idarə olunması” (work from home) sistemi ilə davam etdirirlər”, – deyə sədr qeyd edib.

QSC sədri bu günlərdə üzən heyətin göstərdiyi fədakarlıqlara da toxunub. O qeyd edib ki, məhz onların dənizdə fasiləsiz fəaliyyəti hesabına hazırda ASCO-nun istər yükdaşımalarda rol oynayan, istərsə də neft-qaz sənayesinə xidmət göstərən gəmiləri əvvəlki qaydada istismar olunurlar.

R.Vəliyevin sözlərinə görə, hər gün işlərin gedişatı və qarşıda duran vəzifələrlə bağlı saat 11:00-da “Skype” vasitəsilə rəhbər şəxslərlə müşavirə keçirilir:

“İclasda müəyyən qərarlar qəbul olunur, işin dayanmaması üçün mühüm məsələlər müzakirə edilir. Biz bütün gücümüzlə çalışırıq ki, əməkdaşların sağlamlığı və təhlükəsizliyi ilə yanaşı, sosial rifahda da çətinlik yaranmasın. 

Əmin ola bilərsiniz ki, bu istiqamətdə hər hansı problem yoxdur və olmayacaq. Hər bir əməkdaş vaxtında əməkhaqqını ala biləcək”. 

Sonda R.Vəliyev qeyd edib ki, hazırkı tədbirlər tamamilə hər birimizin sağlamlığı və təhlükəsizliyi üçündür:

“Ona görə də sizi karantin rejiminə riayət etməyə, yaxınlarınız və tanışlarınızla təmasdan qaçmağa çağırıram. Bununla özünüzlə yanaşı, minlərlə insanın virusa yoluxma və virusdaşıma risklərini azaltmış olacaqsınız. Bu da öz növbəsində virusla mübarizədə effektiv rol oynayacaq”.