Almaniya “Şimal axını-2″də iştirak edən şirkətlərə dəstək göstərəcək

248

Almaniya hökuməti “Şimal axını-2” layihəsini müsbət qiymətləndirir və layihədə iştirak edən şirkətlərə dəstək göstərməyi planlaşdırır.

“APA-Economics”in “Vesti.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə Bundestaqdan deputat sorğusuna hökumətin cavabında deyilir.

Məlumata əsasən, hökumət layihənin texniki baxımdan necə həyata keçiriləcəyini bilməsə də, “Şimal axını-2″nin tamamlanacağı ehtimalından irəli gəlir. Hökumət sözügedən qaz boru kəmərinin tikintisinə, ilk növbədə, iqtisadi layihə kimi baxır.

Almaniya ABŞ-ın “Şimal axını-2” layihəsinə qarşı tətbiq etdiyi sanksiyalara cavab tədbirləri həyata keçirmək niyyətində deyil.

Xatırladaq ki, ötən ilin dekabrın 20-də ABŞ Prezidenti Donald Tramp “Şimal axını-2” və “Türk axını” boru kəmərlərinə qarşı sanksiyaları nəzərdə tutan 2020-ci il üçün müdafiə büdcəsini imzalayıb. ABŞ podratçı şirkətlərdən tikinti işlərini dərhal dayandırmasını tələb edib. “Şimal axını-2″nin tikintisi aparan İsveçrənin “Allseas” şirkəti tələbi yerinə yetirib. “Allseas” şirkətinin sözçüsü Yens Müller qeyd edib ki, 2 460 km uzunluğunda olacaq qaz kəmərinin 160 km-ə yaxın hissəsinin tikintisi hələ başa çatmayıb.