SOCAR-ın vitse-prezidenti Rəfiqə Hüseynzadə yeni ekoloji regional təşkilata sədr seçilib

442

Dövlət Neft Şirkətinin təşəbbüsü ilə yeni ekoloji regional təşkilat yaradılıb

SOCAR Xəzər Regionunda Ətraf Mühitin Mühafizəsi Təşəbbüsü (Caspian Environmental Protection Initiative – CEPI) adlı müstəqil regional təşkilatın yaradılması təklifi ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, təşəbbüsün əsas məqsədləri regionda fəaliyyət göstərən beynəlxalq neft şirkətlərinin ətraf mühitin qorunması uğrunda ilk dəfə olaraq birgə araşdırma və inkişaf platformasını yaratmaq, bu məqsəd uğrunda səyləri birləşdirməkdir.

Təşkilat Xəzər dənizi regionunda ekoloji dayanıqlılığına təhlükə yaradan iqlim dəyişikliyi ilə mübarizə istiqamətində birgə qabaqlayıcı tədbirlər hazırlayıb həyata keçirməklə ətraf mühitə atılan zərərli maddələrin qarşısını almağı hədəfləyir. Azərbaycanda fəaliyyət göstərən qlobal neft-qaz şirkətləri – “BP AGT”, “Equinor Abşeron AS” və “Total E&P Absheron B.V.” təşəbbüsü yüksək qiymətləndirərək yeni yaradılan təşkilata qoşulub.

Mayın 4-də CEPI-nin təqdimatı və qarşıda duran məsələlərin müzakirəsi məqsədilə SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə, “BP Azerbaijan”ın əlaqələr və xarici işlər üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, “Equinor” şirkətinin Azərbaycan üzrə meneceri Favad Quraişi və “Total E&P Absheron B.V.” icraçı direktoru Regis Agutun iştirakı ilə onlayn görüş keçirilib.

Görüşdə SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə iştirakçılara CEPI təşkilatının məqsəd və hədəfləri haqqında geniş məlumat verib. Qeyd edib ki, təşkilatın missiyası iqlim dəyişikliyinin yaratdığı ekoloji və iqtisadi təhlükələr qarşısında Xəzər bölgəsində fəaliyyət göstərən neft-qaz şirkətlərini səfərbər etməkdən, onları qabaqlayıcı addımların atılmasına təşviq etməkdən ibarətdir. Başlıca hədəf Xəzər dənizi regionunda ekoloji dayanıqlılığına təhlükə yaradan fəaliyyətlərin qarşısının alınmasıdır. Şirkətlər ətraf mühitin qorunması sahəsində öz bilik və təcrübələrini paylaşacaq, birgə araşdırmalar aparacaq, ekoloji tədbirləri koordinasiyalı şəkildə həyata keçirəcəklər. Gələcəkdə digər beynəlxalq şirkətlərin və təşkilatların CEPI-nin fəaliyyətində iştirakı nəzərdə tutulur.

Görüş iştirakçıları ətraf mühitin mühafizəsi işində təşəbbüsün əhəmiyyətini vurğulayıb, Azərbaycan Respublikasında bu istiqamətdə həyata keçirilən genişmiqyaslı dövlət proqramlarının icrasına CEPI təşkilatının dəyərli töhfə verəcəyinə inandıqlarını bildirib, təşkilat çərçivəsində atılacaq addımları geniş müzakirə ediblər. Görüş zamanı yeni təsis edilən təşkilatın uğurlu fəaliyyətinin təmin edilməsi məqsədilə birgə işçi qrupun yaradılması və anlaşma memorandumunun imzalanmasına dair qərar qəbul olunub.

Sonda görüş iştirakçıları yekdilliklə SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadəni yeni yaradılan təşkilata sədr seçiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır