Tankerlərlə neft məhsullarının daşınması üç dəfə bahalaşıb

259

Tankerlər treyderlər tərəfindən çox vaxt anbar kimi istifadə olunduğu üçün neft məhsullarının daşınması xərcləri bahalaşaraq rekord səviyyəyə çatıb.

AZƏRTAC “The Wall Street Journal” nəşrinə istinadla xəbər verir ki, 11 istiqamətdə daşımaların qiymətini nəzərə alanan “Baltic Clean Tanker” indeksinə əsasən, neft məhsullarının daşınması tarifi martın əvvəlindən bəri üç dəfə bahalaşıb. Ötən həftə gəmi brokerlərinin məlumatı əsasında hesablanan indeks rekord səviyyəyə yüksəlib.

“Dünyada anbarların çatışmazlığı, təklifin çoxluğu və qlobal tələbatın azlığı neft və neft məhsullarının dənizlərdə saxlanılmasına səbəb olub. Hazırda bəzi istiqamətlərdə neft daşımalarına rekord tariflər müşahidə edilir”, – deyə “Simpson Spence Young” kompaniyasının rəhbəri Kler Hrirson bildirib. Onun sözlərinə görə, ötən həftə Körfəzdən Yaponiyaya daşınma tarifi rekord dərəcədə yüksələrək təxminən sutkada 170 min dollara çatıb. Mart ayının əvvəlində isə analoji marşrut üzrə daşınma xərci sutkada 17 min dollar idi.

Koronavirusun yayılmasının qarşısını almaq üçün tətbiq olunan məhdudiyyətlərlə əlaqədar avtomobil və aviasiya daşımalarının həcmi xeyli azalıb. Bu səbəbdən bütün dünyada neft məhsullarına tələbatın kəskin azalması onun qiymətinin ucuzlaşmasına, həmçinin saxlanılma və daşınma xərclərinin bahalaşmasına gətirib çıxarıb.

Beynəlxalq Energetika Agentliyinin proqnozuna əsasən, qlobal neft məhsulları ehtiyatı 2020-ci ilin ikinci rübündə təxminən 550 milyon barrelə qədər artacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır