“Zülfi Hacıyev” kran gəmisi “Bibiheybət” Gəmi Təmiri Zavodunda əsaslı təmir edilib

301

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının balansında olan “Zülfi Hacıyev” kran gəmisinin “Bibiheybət” Gəmi Təmiri Zavodunda əsaslı təmir işləri başa çatıb. 

Bu barədə “Report”a ASCO-dan məlumat verilib.

Təmir müddətində kranın burazlarının hərəkət etdiyi bütün istiqamətləndirici halqaları çıxarılıb və əsaslı təmir olunduqdan sonra yerlərinə quraşdırılıb. Baş mühərriklər, nasoslar, boru sistemləri, sanitar qovşaqlar, elektrik mühərriklərinin cari təmir işləri aparılıb.

“Zülfi Hacıyev” gəmisi tərsanəyə qaldırılaraq gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələr dəyişdirilib, gəmi üzrə rəngləmə işləri görülüb. Bununla belə, hərəkət-sükan kompleksi, dib-yan armaturları, protektor qurğularının təmiri də yerinə yetirilib.

İşlər başa çatdıqdan sonra gəminin 100 tonluq yükqaldırma qabiliyyətinə malik kran qurğusunun sınaq işləri aparılıb və uğurla başa çatıb. Bundan sonra mexanizm və elektrik avadanlığının yoxlanılması məqsədi ilə gəmi dəniz sınağına çıxarılıb. Müvvəffəqiyyətlə başa çatan dəniz sınaq işlərindən sonra gəmi Registr təsnifatı nümayəndələrinə təhvil verilib.

Məlumat üçün bildiririk ki, “Zülfi Hacıyev” kran gəmisinin uzunluğu 98,55, eni 17,00 metrdir.