Bakı Limanında yükaşırma 22% artıb

251

“Koronavirus (COVID-19) pandemiyası dövründə Orta Dəhlizin (Middle Corridor) qlobal səviyyədə əhəmiyyəti daha bariz formada nümayiş olunub”.

“Report” “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə istinadən xəbər verir ki, bunu qurumun sədri Taleh Ziyadov Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) təşəbbüsü ilə “Hökumətlər tərəfindən COVID -19-a qarşı görülən çevik tədbirlər” mövzusunda Qlobal Veb Forumu çərçivəsində ticarət və logistika mövzusuna həsr olunmuş paneldə deyib.

Onun sözlərinə görə, digər qlobal nəqliyyat və logistika dəhlizlərində məhdudiyyətlər tətbiq olunsa da, Orta Dəhliz tam gücü ilə fəaliyyətini davam etdirib, Avropa ilə Çin arasında yüklərin daşınmasında etibarlı dəhliz olduğunu sübut edib: “Avropa-Orta Asiya-Çin və əks istiqamətdə ticarət dövriyyəsinin artımı buna sübutdur”.

Bundan başqa, T.Ziyadov qeyd edib ki, bu ilin ilk 4 ayında Bakı Limanında yükaşırmanın həcmi illik müqayisədə 22% artaraq 1,7 milyon ton olub: “O cümlədən təkərli texnikanın aşırılması 22,4% (11 399 TIR), quru yük aşırılması 4,4 dəfə (261 min ton), konteyner aşırmaları isə 6,7% (10 767 TEU) artıb”.