Qazaxıstan dörd azərbaycanlını saxladı – Biri öldü

260

Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin məlumatına görə, 30 aprel 2020-ci ildə Xəzər dənizində qazaxıstanlı sərhədçilər tərəfindən içində dörd Azərbaycan vətəndaşı olan “bayda” tipli kiçik ölçülü qayıq saxlanılıb. Saxlanma gecə saat 3:55-də (Nur-Sultan vaxtı ilə) Rakuşeçnıy burnundan 30 mil aralıqda baş tutub.

Bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyindən Oxu.Az-a verilən məlumatda bildirilib. 

Saxlanılan qayıq Qazaxıstanın ərazi sularında aşkar olunub. Sərhəd mühafizə katerin ekipajinın beynəlxalq dəniz qanunveriliyi ilə nəzərdə tutulan “dayan” əmrlərinə baxmayaraq, dövlət sərhəd pozucuları buna reaksiya verməyiblər və yüksək sürətlə sərhəd mühafizə kateri önündə təhlükəli manevrlər edərək, toqquşma təhülkəsini yaradıblar.

Pozucuların təqibi 1 saat 40 dəqiqə çəkib və bu müddət ərzində qayığın məcburi dayanması üçün “Qazaxıstan Respublikasının Dövlət Sərhədi haqqında” qanunun tələblərinə ciddi riayət olunmaqla sərhədçilər tərəfindən silahdan istifadə olunub.

Beləliklə, odlu silahdan havaya 25 xəbərdarlıq, 87 qayığın getdiyi istiqamət və 185 pozucuların mühərrikinə tuşlanan atəş açılıb.  

Silahdan istifadə edilməsi zamanı üç pozucu yaralanıb. Saxlanma zamanı yaralananlara dərhal ilkin tibbi yardım göstərilib. Görülən tədbirlərə baxmayaraq, sahilə çatdıqda təcili tibbi yardım həkimləri saxlanılanların birinin ölüm faktını qeydə alıblar.

Hazırda saxlanılanlarla bağlı Qazaxıstan Respublikasının aidiyyəti orqanları tərəfindən Qazaxıstan Respublikasının Cinayət Məcəlləsinin 392-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq, dövlət sərhədinin pozulması faktı ilə bağlı araşdırma tədbirləri görülür.

Bildirilir ki, 2017-ci ildə saxlanılan dörd brakonyerdən üçü eyni qanun pozuntusuna görə Qazaxıstan Respublikasının qanunvericiliyinə uyğun olaraq altı ay müddətinə azadlıqdan məhrum edilib.

Qazaxıstan tərəfi həlak olan Azərbaycan vətəndaşının ailəsinə başsağlığını verir. Bu gün səhər saatlarında mərhumun nəşi Azərbaycan tərəfinə təhvil verilib.

İnsidentlə bağlı tam məlumat Azərbaycan tərəfinə çatdırılıb.

Qazaxıstan tərəfi Azərbaycan vətəndaşları tərəfindən Qazaxıstan Respublikasının dövlət sərhədinin pozulması faktlarının çoxalması ilə bağlı narahatlığını bildirir. 2017-ci ildən bu günə qədər 41 Azərbaycan vətəndaşı saxlanılıb, onlardan 33-ü Qazaxıstanın dövlət sərhədini pozduğuna görə məhkum olunub.