Coğrafiyaçı alim Türkiyədəki Xəzər gölünün etimologiyasını araşdırıb

239

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Rəşid Fətəliyevin elmi fəaliyyətində Azərbaycan toponimlərinin tədqiqi mühüm yer tutur.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, alim koronavirus pandemiyası ilə əlaqədar elan edilmiş karantin dövründə Türkiyədəki Xəzər gölünün etimologiyası ilə maraqlanıb, bununla əlaqədar araşdırmalar aparıb. Müəllif eyni konkret məkanda iki coğrafi obyektin adında “Xəzər” sözünün mövcudluğunun onların xəzər tayfaları ilə mütləq şəkildə əlaqəli olmasına şübhə etmir, xəzərlərin bu yerlərə haradan və necə gəlib çıxmaları haqqında mülahizələr yürüdür.

Xəzər dənizi ilə Türkiyə ərazisindəki Xəzər gölü arasında fiziki bağlılığın olmadığını bildirən R.Fətəliyev diqqəti hər ikisinin Azərbaycan xalqının etnogenezində əhəmiyyətli rol oynamış qədim xəzər tayfalarının adı ilə bağlı olduğuna yönəldir.

Tədqiqatçı deyib: “Hər bir toponim tarixin kodlaşdırılmış yaddaş səhifəsidir, onların açılması, öyrənilməsi tariximizin doğru-düzgün yazılmasında və milli-mənəvi dəyərlərimizin formalaşmasında böyük əhəmiyyət kəsb edir, xüsusilə indiki dövrdə, Qarabağ uğrunda gedən mübarizə şəraitində. Buna görə qədim toponimlərin multidissiplinar səviyyədə mütəxəssislər tərəfindən araşdırılmasına ciddi ehtiyac var, çünki belə faktlar ölkəmizin ərazisinin əzəli türk torpaqları olmasını düşmənə sübut etmək üçün ən təsirli mənəvi silah, dünya ictimaiyyətini inandırmaq üçün isə etibarlı mənbədir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır