FHN: Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisindəki çimərliklərdə patrul xidməti aparılacaq

239

Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdən istifadə ilə əlaqədar əhaliyə xəbərdarlıq edib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün respublikanın bir sıra şəhər və rayonlarında yaşayan şəxslərin yaşayış yerlərini və ya olduğu yerləri 2020-ci il iyunun 14-ü saat 00:00-dan iyunun 16-sı saat 06:00-dək tərk etməsi qadağan edilməsi, habelə son günlər havaların qızması ilə əlaqədar bəzi vətəndaşların hələ çimərlik mövsümü açıq elan olunmamış çimərliklərə üz tutması nəzərə alınaraq, Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşayan vətəndaşların göstərilən tarixlərdə çimərliklərdən istifadəsi qəti şəkildə qadağan olunur.

Bu qadağanın təmin edilməsi və vətəndaşların çimərliklərə üz tutmasının qarşısının alınması məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri Daxili İşlər Nazirliyi ilə birgə Xəzər dənizinin Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu sahili boyunca həm quruda, həm də qayıqlarla dənizdə patrul xidməti aparacaq.

Vətəndaşları bir daha ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin bütün qərar və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır