“Caspian Drilling Company” COVID-19 şəraitində Biznesin Fasiləsizliyi Planını hazırlayır (FOTO)

301

Azərbaycanın “Caspian Drilling Company” (CDC) şirkəti COVID-19 şəraitində Biznesin Fasiləsizliyi Planını (BFP) hazırlayıb.

Bu barədə Trend-ə şirkətdən bildiriblər.

Şirkətdən bildiriblər ki, Azərbaycanda koronavirusun ilk əlamətlərindən sonra CDC öz ərazisində infeksiya riskinin azaldılmasına kömək edəcək prosedurların hazırlanması üçün Biznesin Fasiləsizliyi Planı üzərində işə başlayıb:

“Mütəxəssislərimiz bütün günü, hətta istirahət günlərində də işləyərək prosedurları və planları hazırlayıblar. Baş ofisə gəldikdə isə, biz ofisə hər gün gələn personalın sayını mümkün qədər məhdudlaşdırdıq. Digər əməkdaşlar evdən işlədi və yalnız zəruri halda ofisə gəldi. Biz əməkdaşlarımız üçün maska, baxil, dezinfeksiya vasitələri kimi fərdi müdafiə vasitələri tədarük etdik. Qonaqlar CDC ofisinə buraxılmayıb, şəxsi görüşlər, o cümlədən iclaslar yalnız videokonfrans şəklində keçirilib”.

Şirkətdən bildiriblər ki, bütün bunlar insanlar arasında sıx təmasdan qaçmağa imkan verdi:

“Nəzarət-buraxılış məntəqəsində sərt qaydalar tətbiq edildi. Bütün personal temperaturun müəyyən olunması üçün infraqırmızı kameradan keçməli idi. Plan infeksiyanın yayılmasının qarşısını almaq üçün personalın necə hərəkət etməli olduğunu dəqiq nizamlayır. Çox vacibdir ki, CDC bu Planı müştərilərimiz və bizimlə, eləcə də müştərilərimizlə işləyən xidmət tədarükçüləri arasında reallaşdıra bilsin. Bəzi tədbirlərin məqsədəuyğunluğu barədə bir sıra həmkarlarımızın şübhələri olmasına baxmayaraq, biz bu qaydalara əməl olunmasını təmin edə bildik. Biz öz sahəmizdə ilk olaraq bu cür ciddi preventiv tədbirlər tətbiq etdik və fəxr edirik ki, bir sıra digər şirkətlər bizim Biznesin Fasiləsizliyi Planını qəbul etdilər. Biz xalqa müraciət etmiş və vəziyyətin ciddiliyini, eləcə də COVID-19-un yayılmasının qarşısının alınmasının vacibliyini izah etmiş Prezident İlham Əliyevin çağırışına əməl etdik”.

Şirkətin nümayəndəsinin sözlərinə görə, ofşor obyektlərdə müdafiə tədbirlərini reallaşdırmaq daha çətin idi:

“Biz heyətin dəyişikliyi müddətini 14 gündən 28 günə artırmalı olduq ki, insanlar 28 gün dənizdə olandan sonra iki həftə evdə istirahət edə bilsin və dənizə qayıtmazdan əvvəl, iki həftə karantinə alınsın. Bunun üçün şirkət şəhər kənarında, hotel icarəyə götürüb. CDC bu müddət ərzində hotelin ərazisinə, o cümlədən, təmizlik, dezinfeksiya, üçdəfəlik qidalanma, daimi internet kimi detallara tam nəzarət edirdi. Biz mümkün olan, hətta mümkün olmayan hər şeyi edirik ki, şirkətimizin fasiləsiz və səmərəli işi təmin olunsun. Nəzərə alsaq ki, mütəxəssislərimiz dənizə ikihəftəlik karantindən sonra çıxa bilər, amma bəzən onların texniki xidmətinə və ya qazma qurğusunun təmir olunmasında xidmətlərinə ehtiyac yarandığı üçün biz bir sıra yeni texnologiyalar tətbiq etməyə başlamışıq. Biz partlayışa davamlı, uzaqdan müşahidə üçün başa bərkidilən “Wi-Fi” videokameraları əldə etmişik, qazma qurğularımızda “Wi-Fi” şəbəkəmizi müasirləşdirmişik və bunu texniki xidmət işlərinin uzaqdan idarə olunması funksiyası ilə təmin etmişik ki, mütəxəssislərin qazma qurğularına yaxınlaşmasını və qurğu heyətinin yoluxma riskini minimuma endirək. Yeni texnologiyanın sınaqdan keçirilməsindən sonra biz bunu müştərilərimizə və subpodratçılarımıza da təklif etdik ki, onlar qazma qurğularının daim dəstəklənməsini təmin etsinlər”.

Verilən məlumatlara görə, şirkətə əməkdaşlar tərəfindən hər hansı bir şikayət daxil olmayıb, hər kəs vəziyyətin çətinliyini anlayır və başa düşür ki, təhlükəsizliyin və əməliyyatların fasiləsizliyinin təmin olunması böhran vaxtı mövcudluğu davam etdirməyin, ailələri təmin etməyin və Azərbaycanın neft-qaz sənayesinə töhfə verməyin yeganə üsuludur:

“Xalqımız pandemiyanın yayılmasına qarşı Prezident İlham Əliyev və hökumətin qəbul etdiyi fövqəladə tədbirlərin zərurətini dərk edir. Bu günədək Azərbaycan COVID-19-la bir sıra ölkələrlə müqayisədə daha yaxşı mübarizə apara bilib və CDC bu mübarizəyə töhfə verdiyi üçün qürur duyur. Hazırda bizim qazma qurğumuzda virusa yoluxma halı qeydə alınmayıb və biz biznesimizin fasiləsiz fəaliyyətinin təmin olunması üşün səy göstərəcəyik”.