Milli Hidrometeorologiya Xidməti: Xəzər dənizində dalğanın hündürlüyü 4 metrə çatıb

264

İyunun 22-si səhər saatlarınadək şimal və qərb rayonlarında hava şəraiti qeyri-sabit olub.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata əsasən, Daşkəsən, Gədəbəy, Göygöl, Zaqatala, Tərtər, Kürdəmir, Sabirabad, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Xınalıq, Şahdağ, Balakən, Qəbələ, Yevlax, Cəfərxan, Kişçayda şimşək çaxıb, yağış yağıb.

Düşən yağışın miqdarı Gədəbəydə 16, Xınalıqda 10, Kişçay (Şəki), Daşkəsəndə 8, Şahdağ, Sarıbaşda (Qax) 7, Zaqatala, Qrızda 6, Sabirabadda 4, Şəki, Ordubadda 3, Lerikdə 2, Naxçıvan, Göygöl, Gəncə, Balakən, Qəbələ, İsmayıllı, Xaltan, İmişli, Kürdəmir, Cəfərxan, Biləsuvar, Yardımlı, Bakı, Zabrat, Maştağada 1 millimetr olub.

İyunun 21-də Zaqatala rayonunun Yuxarı Tala kəndinə saat 18:00 radələrində, Gədəbəy rayonunun Arıxdam, Marif, Qaradağ kəndlərinə saat 14:43-15:05 radələrində, Qəbələyə saat 18:55-19:00 radələrində xırdadənəli dolu düşüb.

Şimal küləyinin sürəti arabir Daşkəsəndə saniyədə 25, Gəncə, Naftalanda 24, Ağstafada 22, Göygöl, Şabran, Tərtərdə 16, Şəmkirdə 15 metrə çatıb. Küləyin sürəti Abşeron yarımadası və Abşeron Dəniz rayonunda 15-20 metr/saniyə olub, arabir saniyədə 28 metrədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 4 metrə çatıb.

Temperatur iqlim normasını 4° ötüb. Belə ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 28-31°, Aran rayonlarında 32-39°, dağlıq rayonlarda 24-27°, Naxçıvan Muxtar Respublikasında 29-36° isti olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır