SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində onlayn tədris davam etdirilir

235

Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində (TTSİ) SOCAR-ın əməkdaşları üçün təşkil olunan 41 vebinara minlərlə dinləyici qoşulub, 38 onlayn təlim keçirilib, 350-dək dinləyici interaktiv təlimlərdə iştirak edib.

AZƏRTAC xəbər verir ki, cari ilin yanvar ayından etibarən qlobal səviyyədə sürətlə yayılan koronavirus pandemiyası nəticəsində ölkəmizdə yoluxma hallarının minimuma endirilməsi və vətəndaşlara təsirinin azaldılması məqsədilə həyata keçirilən intensiv tədbirlərin davamı olaraq SOCAR-ın əməkdaşları arasında COVID-19 virusunun yayılmasının qarşısının alınması üçün işçilərin əmək şəraiti hazırda tətbiq edilməkdə olan xüsusi karantin rejiminin tələblərinə adekvat surətdə uyğunlaşdırılıb. SOCAR-ın digər struktur bölmələri kimi, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi bu ilin mart ayından öz fəaliyyətini xüsusi rejimdə davam etdirir. Bununla əlaqədar idarənin təlim mərkəzlərində qabaqlayıcı tədbirlər, lazımi sanitar-profilaktik və dezinfeksiya işləri mütəmadi surətdə həyata keçirilib. İdarənin giriş və çıxışları, iş otaqları, dəhlizlər, konfrans və akt zalları, yeməkxana, habelə Kadr hazırlığının təşkili mərkəzinin sinif otaqları və laboratoriyalar dezinfeksiya edilib.

Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov deyib ki, martdan etibarən tətbiq olunan xüsusi karantin rejiminin tələblərini rəhbər tutaraq idarənin əməkdaşlarının 25 faizi sosial məsafə gözlənilməklə işə cəlb edilib: “Onlardan əvvəlcə koronavirus test götürülüb və yalnız test nəticələri mənfi çıxan əməkdaşların işə gəlməsinə icazə verilib. Hər gün işə başlamazdan əvvəl işçilərin bədən hərarəti ölçülür, onlar tibbi maska ilə təmin olunurlar”.

Qeyd edək ki, ölkəmizdə koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi və təhsil müəssisələrində qabaqlayıcı tədbirlərin yerinə yetirilməsi baxımından cari ilin mart ayının 3-dən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub. Tədris prosesində yaranmış fasilə dövründə tədris proqramının dinləyicilərə çatdırılması məqsədilə aprel ayının 15-dən etibarən Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində onlayn dərslərin keçirilməsi qərara alınıb.

F.Süleymanov bildirib ki, hazırda Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin bütün təlim mərkəzlərində onlayn təlimlərin keçirilməsi üçün sinif otaqları ayrılıb və lazımi texniki avadanlıqlarla təchiz edilib: “Dərslər “Skype for business” proqramı ilə internet vasitəsilə təşkil edilir. Sistemə qoşulan hər bir dinləyici onlayn dərs zamanı müəllimi dinləməklə yanaşı, müvafiq mövzuya uyğun suallar vermək və fikir mübadiləsi aparmaq imkanına malikdir. Təlimlərin sonunda qiymətləndirmələr onlayn rejimdə aparılır və kursu müvəffəqiyyətlə başa vuran dinləyicilər sertifikata layiq görülürlər”.

Qeyd etmək lazımdır ki, SOCAR-da çalışan mühəndis-texniki işçilər üçün təlimlər maarifləndirmə, təlimatlandırma və təkmilləşdirmə istiqamətlərində həyata keçirilir. Sözügedən təlimlərdən ISO 9001:2015 “Keyfiyyət idarəetmə sistemi” beynəlxalq standartı, “Microsoft Office” paketi (MS Word, MS Excel, MS PowerPoint), “AutoCAD” proqramı, ISO 14001:2015 “Ekologiya idarəetmə sistemi” beynəlxalq standartı, Neft sənayesində Əməyin mühafizəsinin Vahid İdarəetmə Sistemi, İlk tibbi yardım (Sağlamlıq, əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi) ISO 31000 – “Risklərin idarə edilməsi sistemi” beynəlxalq standartı, “MS Excel proqramı” (yuxarı səviyyə), “Neft-qazçıxarma əməliyyatlarının xüsusi aspektəri”, “Dənizdə qəza halları və təhlükəsizliyin əsasları ilə tanışlıq”, ISO/IEC 17025:2017 “Sınaq və kalibrasiya laboratoriyalarının yetərliliyi üçün ümumi şərtlər standartı”, “Beynəlxalq nəqliyyat sistemləri və logistika” və sair misal göstərmək olar.

İdarə rəisinin sözlərinə görə, hazırkı dövrədək 41 vebinar təşkil olunub, vebinarlara minlərlə dinləyici qoşulub. TTSİ tərəfindən 38 onlayn təlim keçirilib, 350-dək dinləyici interaktiv təlimlərdə iştirak edib.

F.Süleymanov, həmçinin vurğulayıb ki, sosial məsafənin gözlənilməsinin daha rahat olduğu qaynaqçıların hazırlanması ilə əlaqədar “Ümid-Babək” layihəsi çərçivəsində “Neftqaztikinti” Tresti üçün praktiki qaynaq təlimləri reallaşdırılır. Neft və qaz potensialına malik olan “Qarabağ” yatağının dayaq blokunun quraşdırılmasında iştirak edəcək qaynaqçıların peşə biliklərinin və bacarıqlarının artırılması sahəsində mexaniki və fiziki sınaqların yekunlaşmasından sonra 74 qaynaqçının attestasiyası aparılacaq. Bu məqsədlə, pandemiya dövründən əvvəl Ukrayna Milli Elmlər Akademiyasının E.O.Paton adına Elektrik Qaynağı İnstitutunun “Sahələrarası Təlim-Attestasiya Mərkəzi” dövlət müəssisəsində “Beynəlxalq qaynaq mühəndisi” kvalifikasiyası üzrə xüsusi təlim kursunda iştirak etmək üçün İdarənin Ukraynaya ezam olunmuş 3 mütəxəssisi kursu müvəffəqiyyətlə başa vuraraq ölkəmizə qayıdıb, “Qarabağ” yatağının dayaq blokunun svaylarının hazırlanmasında öz bilik və bacarıqlarını nümayiş etdirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır