Türkiyə Şərqi Aralıq dənizində yeni qələbəyə imza atır…

393

Şərqi Aralıq dənizində baş verənlər qardaş Türkiyənin burada istənilən an savaşa daxil olma ehtimalını getdikcə artırır. Çünki Yunanıstanın və ona dəstək verən Fransanın, Misirin hərəkəti, bölgəyə hərbi qüvvələr gətirməsi və beləliklə Ankaranın mövqeyinə qarşı daha sərt çıxmaları yaranmış problemin dinc həllinə imkan vermir.

Bir daha xatırladaq ki, prosesin belə xarakter almasının əsas günahkarı yunan tərəfidir. Məsələ burasındadır ki, Almaniyanın vasitəçiliyi ilə Aralıq dənizinin şərqinin statusu barədə Yunanıstan və Türkiyə arasında danışıqlar sürərkən rəsmi Afinanın gizli şəkildə Misirlə mübahisəli su hövzələrində karbohidrogen yataqlarının istismarı ilə bağlı tədqiqatları nəzərdə tutan müqavilə imzalama cəhdi hər şeyi alt-üst etdi. Bundan sonra Türkiyə hərbi donanmasının müşayiəti altında “Oruc Rəis” tədqiqat gəmisi Meis və Rodos adaları yaxınlığında fəaliyyətə başladı. Türkiyə “Oruc Rəis” seysmik tədqiqat gəmisinin 23 avqust tarixinə kimi araşdırmalar aparmaq üçün Aralıq dənizinin şərqində qalacağını bildirib. Bundan başqa, Ankara bölgədə “Navteks” elan edib. Xatırladaq ki, “Navteks” ərazilərə digər gəmilərin girməsini qadağan edən beynəlxalq xəbərdarlıqdır. Bu xəbərdarlığın tələblərinə əsasən, tədqiqat işləri aparan gəmilərə 6 dəniz mili qədər məsafədə dayanmalısan. Başqa gəmilər bu qadağanı pozarsa, onların təhlükəsizliyinə təminat verilmir və dəniz hüququna görə, “Navteks” elan edən ölkənin əraziyə icazəsiz girən gəmilərin qarşısını almaq hüququ var. Amma Fransa və Misirdən, eləcə də İsraildən dəstək alan Yunanıstan bölgəyə hərbi qüvvə cəmləşdirir. “Anadolu” agentliyi isə yazır ki, bununla yunan tərəfi savaşı tətikləyir, amma Afina güc baxımından Türkiyədən geri qaldığını da yaxşı bilir:“Son illərdə Şərq Aralıq dənizində baş verən önəmli hadisələr Türkiyə-Yunanıstan münasibətlərində yeni gərginlik dövrünün yaranmasına səbəb oldu. İki ölkə arasındakı bir çox problem, xüsusilə Kipr və Egey dənizindəki hədəflər Türkiyə-Yunanıstan münasibətlərini əməkdaşlığa deyil, münaqişəyə meylləndirir. Bu tendensiya son zamanlar Afinanın Türkiyənin Aralıq dənizinin şərqindəki qanuni hüquqlarının müdafiəsinə verdiyi cavabda özünü göstərir. Yunanıstanın yüksək səviyyəli hərbi və mülki rəsmiləri Türkiyənin bölgədəki aktiv siyasətinə qarşı təhdid dolu açıqlamalar verir. Müdafiə naziri Nikos Panagiotopoulos və Baş Qərargah rəisi Konstantinos Florosun açıqlamaları buna nümunə ola bilər. Bəs, Yunanıstanın hərbi qüdrəti həqiqətənmi yüksək vəzifəli rəsmilərinin iddia etdiyi qabiliyyətə və potensiala malikdir? Yunanıstanın xarici siyasəti və Şərqi Aralıq dənizi ilə bağlı açıqlamaları hərbi gücünə uyğundurmu?

 İki ölkənin dəniz qüvvələri arasında müqayisədə böyük su hərbi platformaları sahəsində Yunanıstanın gücü Türkiyənin təxminən üçdə ikisi qədərdir. Yunanıstanın sualtı qayığına gəldikdə, demək olar ki, Türkiyəyə bərabər qüvvəsi var. Amma iki ölkənin dəniz qüvvələri arasındakı potensial fərq böyükdür. Bu fərqin ən vacib səbəblərindən biri də son dövrlərdə Türkiyədə müdafiə sənayesindəki irəliləmələrdir. 2019-cu ildə beş türk şirkəti dünyanın ən yaxşı yüz hərb sənayesi şirkəti arasında yer aldı. Bu və digər şirkətlərin çalışmaları keyfiyyət və kəmiyyət olaraq öncüllüyünü qorumaq və eyni zamanda silah gücünü artırmaq, xarici hərbi güc qaynaqlarından asılılığı azaltmaq sahəsində Türkiyəyə böyük strateji üstünlük qazandırır. Türkiyə dəniz gücünü iki istiqamətdə artırmaq üçün işlərini davam etdirir: yeni hərbi platformalarını inkişaf etdirmək, mövcud platformaları yerli sistemlərlə modernləşdirmək.

Müasir ada tipli korvettelərini əsasən öz imkanları ilə istehsal edən Türkiyədə böyük hərbi gəmilərin düzəldilməsi çox yüksək sürətlə davam edir. Bundan əlavə, Ankara mövcud döyüş platformalarının imkanlarını artırmaq üçün modernləşdirmə layihələrini sürətlə həyata keçirir. Bunun ən önəmli nümunələrindən biri donanmanın əsas gəmilərindən biri olan Barbaros tipli freqatların modernləşdirmə layihəsidir. Bununla yanaşı, Türkiyə təkmilləşdirdiyi “Atmaca” tipli raketlər, eləcə də digər silah sistemi ilə birlikdə dəniz gücünü böyütdü və qorudu. Bundan əlavə, birinci sinif freqat, TF-2000, TCG Anadolu və REİS tipli sualtı gəmi layihələri yaxın gələcəkdə iki ölkənin dəniz qüvvələri arasında güc fərqini daha da artıracaq.

Dəniz döyüşlərində hava gücünün təsiri İkinci Dünya Müharibəsində çox aydın şəkildə özünü göstərdi və bu təsir həmin dövrdən bəri davam edir. Yunanıstan və Türkiyənin hava qüvvələri arasında da dənizdəki güc nisbətinə bənzər vəziyyət mövcuddur. F-16 modellərinin inkişaf etdirilmiş Blok 50 və 50+ modelləri hər iki hava gücünün əksəriyyətini təşkil edir. Hər iki hava gücü AIM-120 AMRAAM kimi müasir hava-hava raketlərindən istifadə edir. Ancaq təfsilatlı bir analiz Türkiyənin, hərbi dəniz qüvvələrində olduğu kimi, hava qüvvələrində də daha təsirli gücə sahib olduğu ortaya qoyur. Bunun ən əsas səbəbi, dəniz gücündə olduğu kimi, hava qüvvələrində də yerli müdafiə sənayesinin oynadığı roldur. Türkiyə hər iki döyüş təyyarəsinin imkanlarını artırmaq üçün müasir silah-sursat hazırlayacaq bir çox layihələri inkişaf etdirib. Türkiyə kruiz raketləri istehsal edir, hava-hava raket sistemlərini təkmilləşdirir. İki ölkə arasındakı fərqi böyüdən amil həm də Türkiyənin iqtisadi cəhətdən sürətlə böyüməsi və müdafiə sənayesində əhəmiyyətli addım atması oldu. Önəmli bir müdafiə sənayesi infrastrukturuna sahib olan Türkiyə ilə hərbi sahədə rəqabətə girmək, xüsusən 2008-ci ildəki böhrandan bəri zəifləyən Yunanıstan üçün olduqca çətindir. Bu vəziyyət hərbi xərclərdə də özünü göstərir. Statistikaya görə, 2019-cu ildə Türkiyənin hərbi xərcləri 20,4 milyard dollara qədər artıb, Yunanıstanın hərbi büdcəsi isə 5.5 milyard dollar olaraq qalıb. Yunanıstanın silah və müharibə üçün inventar saxlama sistemlərini inkişaf etdirmək üçün məhdud büdcə ilə Türkiyəyə cavabı da böyük problem yaradır. Bu, önümüzdəki dövrdə iki ölkənin hərbi qüvvələri arasındakı uçurumun dərinləşəcəyini göstərir.

Bu vəziyyət Yunanıstanın, həddindən artıq təhdidkar açıqlamalarına baxmayaraq, Şərqi Aralıq dənizində atdığı addımlarda ABŞ və Avropa Birliyinin dəstəyini almaq səylərini daha yaxşı izah edir. Bununla birlikdə, yaxın gələcəkdə ABŞ-ın Çinin gücünün artması fonunda daha çox Uzaq Şərqə diqqət yetirməli olacağı və AB Yunanıstana dəstək olmaqdan daha vacib olan məsələlərlə məşğul olacağı təqdirdə, Afina rəhbərliyi hərbi gücü ilə xarici siyasətini məqbul bir şəkildə uyğunlaşdırmaq məcburiyyətində qalacaq”. Belə vəziyyətdə Şərqi Aralıq dənizində Türkiyə istədiyi nəticəyə nail olacaq.