ASCO-nun “Xəzərdənizlayihə ETİ” “İSO 9001:2015” beynəlxalq keyfiyyət sertifikatı alıb

538

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Layihə Elmi Tədqiqat İnstitutu (“Xəzərdənizlayihə ETİ”) “İSO 9001:2015” Keyfiyyət İdarəetmə Sistemi standartına uyğun olduğunu təsdiq edən sertifikata layiq görülüb.

Sertifikat “Büro Veritas” təsnifat cəmiyyəti tərəfindən aparılan audit nəticəsində verilib.

“İSO 9001:2015” sertifikatı idarəetmə və müştəri məmnuniyyətini qazanmaq istiqamətində görülən işləri müəyyən edən ən müasir beynəlxalq standartların tətbiqini nəzərdə tutur. Bu sertifikat İnstituta yeni layihələrdə iştirak etməyə, layihə işlərinin keyfiyyətini artırmağa və davamlı inkişafın təmin edilməsinə imkan verəcək.

1930-cu ildən fəaliyyət göstərən İnstitutda hazırda Xəzər Dəniz Neft Donanması üçün yeni gəmilər layihələndirilir. Bu gəmilərin inşası “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun gəmi tikintisi sahəsində aparılır. İnstitut tərəfindən 300kVt gücə malik təchizat, dənizin dərinliyi 60 metrədək olan sahələrdə işləmək üçün dalğıc və sahilyanı dəniz neft obyektlərinə işçiləri daşımaq üçün nəzərdə tutulan  70 nəfərlik sərnişin katerlərinin layihələri uğurla icra olunur.

“Xəzərdənizlayihə ETİ”  ASCO-nun sifarişlərindən əlavə olaraq, kənar təşkilatlar üçün də layihələr yerinə yetirir.

Mənbə:https://asco.az/asco-nun-xezerdenizlayihe-eti-iso-9001-2015-beynelxalq-keyfiyyet-sertifikati-alib/