Dövlət Dəniz Agentliyi: Gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin edilib

450

Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq daxil olub.

AZƏRTAC xəbər verir ki, Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibovun verdiyi məlumata görə, avqustun 21-i axşamdan avqustun 24-dək Xəzər dəniz akvatoriyasında şimal-qərb, şimal küləyinin sürəti saniyədə 18-23 metr, arabir saniyədə 25-30 metr olacaq. Avqustun 22-si axşam, 23-ü gecə və səhər açıq dənizdə küləyin sürətinin arabir saniyədə 32-35 metrədək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyü 2-4 metr, sonrakı inkişafda açıq dənizdə 6-8 metr olacaq.

Qeyd edək ki, hava proqnozu Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan andan etibarən gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı təlimatlandırılıb. Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran və hərəkətdə olan gəmilərə məlumatlar ötürülüb, müvafiq təlimatlar verilib.

Hava şəraitinə uyğun olaraq gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin edilib.

Vurğulanıb ki, Milli Mərkəz təcrübəli kapitanlar vasitəsilə idarə olunur. Gəmilər müvafiq lövbər sığınacaqlarına yerləşdirildikdən sonra onların təhlükəsiz lövbərdə durma prosesi radarlar vasitəsilə fasiləsiz müşahidə olunur.

Hava şəraitinə uyğun olaraq Milli Mərkəz tərəfindən gəmilərin hərəkətinə və limanlara giriş – çıxışına icazə verilməsi, hərəkətin məhdudlaşdırılması, limanların bağlanması barədə tədbirlər görülüb.

Dənizdə neft–qaz platformalarının aid olduğu qurumlar təhlükəli hidrometeoroloji hadisə ilə bağlı məlumatlandırılıb. Hər zaman olduğu kimi, hazırda Dövlət Dəniz Agentliyinin Azərbaycanın sahilboyu ərazilərində mövcud olan ən son naviqasiya və rabitə stansiyaları tam gücü ilə işləyir. Dövlət Dəniz Agentliyinin gündəlik iş rejimində olduğu kimi, Azərbaycanın ərazi sularında istər Azərbaycan, istərsə də xarici bayraq altında üzən gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi yüksək səviyyədə həyata keçirilir.

Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi tərəfindən ərazisində mövcud olan bütün texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir.

Milli Mərkəz tərəfindən, eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi növbə xidmətləri, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin müvafiq növbətçi xidməti, Dövlət Neft və BP Şirkətinin müvafiq qurumları ilə mütəmadi qarşılıqlı məlumat mübadiləsi həyata keçirilir.© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır